Fəzail Ağamalı: “Tofiq Yaqublu vicdansızlıq edir”

Fəzail Ağamalı: “Tofiq Yaqublu vicdansızlıq edir”
  • Clock-gray 17:23
  • calendar-gray 25 Dekabr 2020

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının APA-ya müsahibəsi

- Vətən Müharibəsində Azərbaycanın qələbəsi barədə fikirlərinizi öyrənmək istərdik…

- Bütün dünya 44 günlük Vətən Müharibəsini Azərbaycanın tarixi qələbəsi kimi qiymətləndirir və dəyərləndirir. Biz bu müharibədə Ali Baş Komandanın rəhbərliyi altında şəhidlərimizin və qazilərimizin qanı hesabına qələbə qazanmışıq. Türk qardaşlarımızın mənəvi və siyasi yardımı ilə biz bu müharibənin cəbhəsinin genişləndirilməsinə imkan vermədik. Bu baxımdan biz qardaş Türkiyəyə minnətdarıq.

- Ali Baş Komandanın və Azərbaycan Ordusunun bu qələbədə rolu barədə nə deyə bilərsiniz?

- Azərbaycan tarixini az-çox bilən, obyektivliyi özündə daşıyan hər kəs başa düşür ki, 200 ildən çoxdur ki, ermənilər onları himayə edən beynəlxalq güclərin vasitəsilə Azərbaycan torpaqlarını işğal edə-edə gəlir, Azərbaycanın əzəli və tarixi torpaqlarında saxta dövlət yaradıb və bu torpağın ərazisini genişləndirmək üçün heç vaxt dayanmayıb. Faktiki olaraq, XX əsrin əvvəllərində müstəqil dövlət yaradanlardan biri kimi Ermənistan Azərbaycanın tarixi torpaqlarında, eyni zamanda Azərbaycanın tarixi şəhəri olan İrəvanı paytaxt etməklə balaca ərazidə dövlətini qurdu. Öz torpağını genişləndirmək üçün isə ən müxtəlif yollara əl atdı, istər diplomatik, istərsə də hərbi. Hətta indiki Dağlıq Qarabağı ələ keçirmək üçün müstəqil Azərbaycan Cümhuriyyətinin ərazisi olan Zəngəzurda böyük qırğınlar törətdi, 166 kəndi yerlə-yeksan etdi, 10 minlərlə insan qətlə yetirdi. Nəhayət, Dağlıq Qarabağda çox ciddi məğlubiyyətə uğrayan Andranik və Njde kimi faşist düşüncəli insanlar buna nail ola bilmədilər. Lakin cümhuriyyət dövründə onlar Dağlıq Qarabağda qiyam qaldırdılar. Rus-bolşeviklər tərəfindən birbaşa himayə olunan və bolşevik partiyasında ciddi nüfuz qazanan ermənilərin vasitəsilə məhz ilk olaraq bolşeviklər Cənubi Qafqazda Azərbaycan Cümhuriyyətini süquta uğratdılar. Ondan sonra Azərbaycanın tarixi torpaqları olan Zəngəzur, Göyçə və Qazax dərəsi deyilən böyük bir ərazi Ermənistana birləşdirildi. Onlar daha sonra 90-cı illərin əvvəllərində Azərbaycanın daha 20 % torpağını işğal etdi. Ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi siyasətinin qarşısını 200 ildən sonra məhz Ali Baş Komandan İlham Əliyev aldı. Bununla da kifayətlənmədi, işğala məruz qalan torpaqlarımızı azad etdi. Azərbaycanın həm müstəqillik, həm dövlətçilik tarixinə şərəfli səhifələr yazdı. Ölkə prezidenti məhz qurmuş olduğu ordu ilə Ermənistanın bel sütununu qırdı, onun hərb maşınını darmadağın etdi.

- Lakin bəzilərinin bu qələbəyə münasibəti birmənalı deyil. Sosial mediada epizodik də olsa, belə şərhlərə rast gəlinir…

- Kim bu şərəf tarixini qiymətləndirirsə, o azərbaycanlıdır, kim qiymətləndirmirsə, o erməni ilə bərabərdir, ondan da artıqdır. İndi bəziləri bu qələbənin səviyyəsini, qiymətini, dəyərini aşağı salmağa çalışır. Tofiq Yaqublu kimiləri və s. Tofiq Yaqublunu həbsxanadan çıxaran, ona humanistlik və böyük mərhəmət göstərən prezident İlham Əliyev olub. İlham Əliyevin və Azərbaycan Ordusunun Tofiq Yaqublunun dəyərləndirməsinə ehtiyacı yoxdur. Adamın içində şəxsi minnətdarlıq hissi olmaya bilər, bu, bir dəyərdir, hamıda olmur. Amma 2802 şəhidin ruhuna hörmət etmək onların qanı tökülmüş bu torpaqda yaşayan hər kəsin borcudur. Bu qana, bu müharibəyə hörmət eləməyən adam bu millətdən ola bilməz. Doğrudur, Tofiq Yaqublunun söylədiyi fikir ictimai rəydə ciddi dəyər kəsb etmir. İlham Əliyevin bu 44 günlük müharibədə Ali Baş Komandan kimi xidmətləri tarix kitablarına yazılacaq. Bu gün bəlli olur ki, bu savaş dünyanın aparıcı hərbi strateqləri tərəfindən öyrənilməkdədir. Prezidentin, Ordunun ünvanına bu cür fikirlər səsləndirmək ən böyük vicdansızlıqdır. Tofiq Yaqublu vicdansızlıq edir. Biz deyəndə ki, bunlar antimilli qüvvələrdir, bəziləri narahat olurdu. Bunlar bir mərkəzdən istiqamətləndirilən, milli olan, dəyərli olan hamıya, hər şeyə qarşı şər atan, qarayaxma həyata keçirən bir dəstə adamdı. Tofiq Yaqublu Əli Kərimlinin ətrafında olan insandır. Əli Kərimli də milli maraqlara xidmət etməyən, özünün şəxsi, korporativ maraqlarını reallaşdırmağa çalışan və Tofiq Yaqublu kimi insanları da özünün köləsinə çevirən şəxsdir.

- Bəs diplomatik və informasiya müharibəsində Azərbaycanın qələbəsinə nail olundumu?

-  Biz qan tökmədən, şəhid vermədən 3 rayon diplomatik yolla işğaldan azad edildi. Tofiq Yaqublu, belə cəsarətlisənsə, bu 44 gündə Azərbaycan qarşı qərəzli mövqe tutan siyasətçilərin, ölkələrin üstünə get. Dağlıq Qarabağın statusundan danışanların, qondarma “respublikanı” tanımağı parlamentində təklif edənləri tənqid elə. Sən xalqın əsrlik arzularını reallaşdıran Lider barədə ağzına gələni danışmaqla hədyan söyləyən ermənidən fərqlənmirsən. İlham Əliyevin peşəkarlığını, siyasi, diplomatik gücünü və cəsarətini dünyanın aparıcı siyasətçiləri, ekspertləri etiraf edir, hər məqamda söyləyir.

apa-logo-mini

Digər xəbərlər