Millət vəkili: "Koronavirusla bağlı bundan sonra da məsuliyyətli olmalı, qayda-qanunlara, dövlətimizin çağırışlarına ciddi əməl etməliyik"

Millət vəkili: "Koronavirusla bağlı bundan sonra da məsuliyyətli olmalı, qayda-qanunlara, dövlətimizin çağırışlarına ciddi əməl etməliyik"
# 29 aprel 2020 20:34 (UTC +04:00)

“Azərbaycanın koronavirus pandemiyası ilə mübarizə istiqamətində gördüyü işlər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən çox yüksək qiymətləndirilib. Bu gün bir çox ölkələr tərəfindən Azərbaycan örnək ölkə kimi qəbul edilir”.

Bunu APA-ya açıqlamasında Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib.

Millət vəkili deyib ki, bu, Prezident İlham Əliyevin rəhbərliyi altında görülən işlərin nəticəsidir: “Prezidentimiz də vurğuladığı kimi, biz birlikdə güclüyük. Əldə edilən uğurlar bu istiqamətdə aparılan siyasətin nəticəsidir. Biz vətəndaşlar bundan sonra da məsuliyyətli olmalı, qayda-qanunlara, dövlətimizin çağırışlarına ciddi əməl etməliyik. Hər şeyin keçdiyini düşünməməliyik. Ümumən dünyada, o cümlədən qonşu ölkələrdə bu sahədə vəziyyətin nə dərəcədə ağır olduğunu yaddan çıxarmamalıyıq. Diqqətli olmalıyıq ki, Azərbaycanda vəziyyət ağırlaşmasın. İndiki vəziyyətdə hər şey insanlardan asılıdır. Yəni məhdudiyyətlər götürülsə belə, insanlar profilaktik tədbirlərə, sanitar normalara uyğun davranmasa, yoluxma halları çoxala bilər”.

Q. Paşayeva qeyd ki, hazırda xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar əhalidə təhlükənin sovuşduğu əhval-ruhiyyəsi yarana bilər:

“Bunu nəzərə alaraq koronavirus pandemiyasının başlanğıc dövründə həyata keçirdiyimiz kampaniya daha intensiv şəkildə yenidən təkrarlanmalıdır. Əhali bu gerçəkliyi bilməlidir ki, koronavirus xəstəliyi uzunmüddətli prosesdir. Bu səbəbdən mövcud qaydalara riayət olunması və zəruri profilaktik tədbirlərin davam etdirilməsi vacibdir. Bu məqsədlə gigiyena qaydalarına daha ciddi riayət olunması ilə bağlı maarifləndirici materiallar, roliklər bərpa olunmalı, yeniləri verilməlidir”.

Millət vəkili vurğulayıb ki, özünütəcrid, "Evdə qal!" kampaniyası davam etdirilməlidir:

“Yaşı 65 dən artıq olan vətəndaşlarla bağlı xəbərdarlıqlar bərpa olunmalıdır. Xüsusi karantin rejimindəki mövcud məhdudiyyətlərin sanitar-epidemioloji şəraitdən asılı olaraq mərhələli yumşaldılması zəruridir. Amma epidemioloji vəziyyət tələb edərsə, yəni xəstəliyin dinamikasında artım olarsa, karantin rejimi yenidən sərtləşdiriləcək, müvafiq məhdudiyyətlər yenidən tətbiq olunacaq. Məhdudiyyətlərin bir qismi aradan qaldırılsa da, virusa yoluxma sürətinin qarşısını almaq üçün ölkədə kütləvi tədbirlər keçirilməməlidir, vətəndaşlar əvvəlki dövrdə olduğu kimi 2 metrlik distansiya tələbinə riayət etməlidirlər. Beləliklə, kampaniyanın növbəti mərhələsinə başlanılmalıdır. Xəstəliyin yeni dalğasına yol verməmək üçün bütün tələblər, o cümlədən şəxsi gigiyena, özünütəcrid, kütləvi toplantılara yol verilməməsi, sosial məsafə saxlanması və s. məsələlərə, qaydalara riayət olunması zəruridir”.

Millət vəkili nəzərə çatdırıb ki, pandemiyası səbəbindən çətin vəziyyətə düşən ailələrə edilən yardımlar da davam etdirilməlidir. Q. Paşayeva bu istiqamətdə Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd edib:

“Koronavirus pandemiyası səbəbindən Tovuzda durumu çətinləşən 1400-dən çox ailəmizə dəstək olan ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva başda olmaqla, Heydər Əliyev Fonduna və “Regional İnkişaf” İctimai Birliyinə,

dərin təşəkkürümü bildirirəm. Bu yardımların insanlarımıza çatdırılmasında böyük əməyi olan “Regional İnkişaf” İctimai Birliyinin bütün kollektivinə dərin təşəkkürümü çatdırıram. Heydər Əliyev Fondu koronavirus pandemiyası səbəbindən artıq 200 mindən çox çətin vəziyyətdə olan ailəyə dəstək olub və onlar bu fəaliyyətləri ilə bütün cəmiyyətimiz, hər birimiz üçün gözəl bir xeyirxahlıq örnəyi missiyasını həyata keçirirlər. Onların bu fəaliyyəti imkanı çatan hər bir insanımız üçün gözəl bir örnəkdir ki, belə anlarda hamımız daha da çox çətin durumda olan insanlarımızın yanında olmalıyıq. Bu duyğularla çətin vəziyyətə düşən insanlarımıza dəstək olan hər kəsə təşəkkürümü bildirirəm. Cənab Prezidentimizin də vurğuladığı kimi “Biz birlikdə güclüyük”. İnşaallah, Prezidentimizin rəhbərliyi altında xalqımızın birliyinin daha da güclənməsi ilə dünyada böyük böhranlara səbəb olan bu pandemiyaya qarşı mübarizədən, bu çətin sınaqdan uğurla çıxacağımıza inanırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR