Diaspor məsələlərinə məsul dövlət qurumları rəhbərlərinin Bakı-Şuşa forumu keçirilib - FOTO

Diaspor məsələlərinə məsul dövlət qurumları rəhbərlərinin Bakı-Şuşa forumu keçirilib  - FOTO
# 20 dekabr 2022 16:47 (UTC +04:00)

Diaspor məsələlərinə məsul dövlət qurumları rəhbərlərinin beynəlxalq Bakı-Şuşa forumu keçirilib.

APA xəbər verir ki, tədbirdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin diaspor nümayəndələri iştirak edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov türk dünyasının diaspor təşkilatları arasında koordinasiyalı fəaliyyətin təşkil olunmasının, əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətindən danışıb. Ermənistanın ölkəmizə qarşı təxribatlarından danışan Komitə sədri bildirib ki, türkofobiya Ermənistanın rəsmi ideologiyasının təməlini təşkil edir:

"Ermənistan işğal zamanı Azərbaycan ərazisində 1 milyondan çox mina basdırıb. İkinci Qarabağ müharibəsi bitdikdən sonra 2 il müddətində 270-ə yaxın Azərbaycan vətəndaşı mina partlayışı zamanı həlak olub və ya yaralanıb. Həmçinin münaqişənin 2 ildir bitməsinə baxmayaraq, Ermənistan sərhəddə təxribatlarını davam etdirir. Lakin beynəlxalq təşkilatları çaşdırmaq üçün əsassız şəkildə Azərbaycanı təcavüzdə günahlandırmağa səy göstərir. İkinci Qarabağ müharibəsinin nəticələri region üçün yeni imkanlar vəd edir. Azərbaycan Zəngəzur dəhlizinin işə düşməsini fəal şəkildə dəstəkləyir və bununla əlaqədar öz ərazisində genişmiqyaslı işlər həyata keçirir. Dəhlizin açılması isə bölgənin bütün ölkələri, o cümlədən də türk dünyası üçün faydalı olacaq".

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Xaricdə yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin sədri Abdullah Eren qeyd edib ki, Azərbaycan və Türkiyənin diaspor qurumları uzun müddətdir xaricdə çox yaxın əməkdaşlıq edirlər.

Türk Dövlətləri Təşkilatının baş katibinin müavini Yerzhan Mukaş bildirib ki, dövlət başçıları müxtəlif sahələrdə əməkdaşlıqla bağlı 23 önəmli sənəd imzalayıblar. Bunlardan biri də diaspor sahəsində məkdaşlığın gücləndirilməsi ilə bağlıdır. Çıxışında bayramların birgə qeyd edilməsinin əhəmiyyətli olduğunu bildirən Mukaş, türk dövlətlərinin ortaq bayramı olan Novruz bayramı ərəfəsində dünyanın müxtəlif ölkələrində birgə tədbirlərin keçirilə biləcəyini deyib.

Özbəkistan Respublikasının Nazirlər Kabineti yanında Millətlərarası münasibətlər və xarici ölkələrlə dostluq münasibətləri Komitəsinin sədri Rustambek Kurbanov bildirib ki, Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq türkdilli dövlətlərin diaspor təşkilatlarının rəhbərləri bir yeri toplanır:

"Özbəkistan millətlərarası münasibətlər komitəsi ilə Azərbaycanın Diasporalarla iş üzrə Dövlət Komitəsi arasında Tərəfdaşlıq memorandumunun imzalanması planlaşdırılır. Bu memorandum ölkələrimizin diaspor komitələrinin birgə fəaliyyətinə, dövlətlərimizin maraqlarının müdafiəsinə öz töhfəsini verəcək. Özbəkistanda 132 müxtəlif millətin nümayəndələri yaşayır və milli mədəni mərkəzlərin içində ən aktiv fəaliyyət göstərən Azərbaycan milli mədəniyyət mərkəzidir. Özbəkistanda Heydər Əliyev adına mədəniyyət mərkəzi fəaliyyət göstərir və bu il Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Heydər Əliyevin heykəlinin və onun adına küçənin açılışı olub".

Daha sonra Macarıstanın Milli Siyasət üzrə Dövlət katibi Arpad Yanos Potapi, Qırğız Respublikasının Prezidenti yanında Dövlət dili və Dil Siyasəti üzrə Milli Komissiyasının sədri Kanıbek Osmonaliev, Qazaxıstan Respublikasının "Otandastar" Fondunun Prezidentinin müşaviri Kalıbek Koblandin çıxış edib.

Forum çərçivəsində Azərbaycan, Özbəkistan, Türkiyə və Qırğızıstanın müvafiq qurumları arasında anlaşma memorandumları imzalanıb.

Qeyd edək ki, Diaspor Məsələlərinə məsul Dövlət Qurumları Rəhbərlərinin Beynəlxalq Bakı-Şuşa Forumu öz işini dekabrın 21-də Azərbaycanın və Türk dünyasının mədəniyyət paytaxtı Şuşada davam etdirəcək.

Çingiz Səfərli

Hacı Cavadov

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR