Arxiyepiskop Aleksandr İşein: “Bu günlər XXI əsr tarixinin ən parlaq səhifələrindən olacaq”

Arxiyepiskop Aleksandr İşein: “Bu günlər XXI əsr tarixinin ən parlaq səhifələrindən olacaq”
  • Clock-gray 13:13
  • calendar-gray 04 Dekabr 2020

“Bu gün çox böyük gündür, biz hamımız Qarabağın geri qaytarılmasının sevinci içindəyik, Qarabağ Azərbaycandır!”

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Rus Pravoslav Kilsəsi Bakı-Azərbaycan yeparxiyasının arxiyepiskopu Aleksandr İşein deyib.

O, bildirib ki, “Qarabağ Azərbaycandır!” deyimi artıq xüsusi salamlama növünə çevrilib: “Bu Azərbaycan xalqının igidliyindən xəbər verir, bizim necə böyük ölkə başçımızın olmasını göstərir. Qarabağın yenidən Azərbaycanın tərkibinə qaytarılmasını bayram edərkən biz torpaqların azad olması uğrunda canlarından keçənləri-şəhidləri də unutmuruq. Hər kəs öz həyatını Vətən uğrunda can vermək gücündə deyil. Halbuki onların bütün həyatları irəlidə olsa da onlar Azərbaycanın xoşbəxtliyini hər şeydən üstün tutdular. Onların çoxu müharibəyə könüllü gedərək həyatlarını gələcək nəsillər üçün qurban etdilər. Bu gün biz minnətdarlıq hissi ilə həmin şəxsləri anırıq”.

O, bu gün Vətən Müharibəsində həlak olanlar üçün anım mərasiminin təşkil edildiyini vurğulayıb: “Qoy onların xatirələri daim qəlblərimizdə yaşasın. Bu müharibə Azərbaycan tarixində təkcə ikinci Qarabağ müharibəsi kimi deyil, Vətən Müharibəsi kimi qalacaq. Biz işğal altında olan torpaqlarımızı azad etməyə cəhd etdik və Tanrıya şükür olsun ki, öz istəyimizə nail olduq. Biz artıq bu qələbə münasibətilə keçiriləcək paradı səbirsizliklə gözləyirik ki, həm Ali Baş Komandana, həm də cəsur Ordumuza öz minnətdarlığımızı bildirək. Bu günlər XXI əsr tarixinin ən parlaq səhifələrindən olacaq. Mən hər kəsi Qələbə münasibətilə təbrik edir və şəhidlərimizin ruhu üçün dualar edir, Tanrıdan rəhmət diləyirəm”.

Mirmehdi Ağaoğlu

Digər xəbərlər