“Güney və Quzey Azərbaycan: ensiklopedik təqvim” kitabının təqdimatı keçirilib

 “Güney və Quzey Azərbaycan: ensiklopedik təqvim” kitabının təqdimatı keçirilib
# 10 iyun 2014 09:14 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) dəstəyi ilə nəşr olunan “Güney və Quzey Azərbaycan: ensiklopedik təqvim” kitabının təqdimatı keçirilib.


MDHP sədri, Milli Məclisin deputatı Fərəc Quliyev bildirib ki, bu tipli əsərlərin ortaya çıxması gələcəkdə də davam etməlidir. Onun sözlərinə görə, kitab Azərbaycan tarixinin, şəxsiyyətlərinin öyrənilməsi, vahid cəmiyyətin formalaşması baxımından böyük əhəmiyyətə malikdir: “Biz hesab edirik ki, bu gün Bütöv Azərbaycanın iqtisadiyyatının, coğrafiyasının yazılması zamanıdır. Mən belə ədəbiyyatların yazılması üçün ziyalılara çağırış edirəm. Çünki biz vahid tariximizin, vahid cəmiyyətimizin formalaşması üçün çox ciddi addımlar atmalıyıq. Biz Azərbaycanımızın bir hissəsində müstəqilliyimizi qurmuşuqsa, bununla kifayətlənməli deyilik, Bütöv Azərbaycan uğrunda birgə səy göstərməliyik. Düşünürəm ki, bu kitabda müəlliflər müxtəlif ədəbiyyatları, arxivləri araşdıraraq çox səmərəli bir əsər ortaya qoyub”.


İslam Araşdırmalar Mərkəzinin direktoru Rafiq Əliyev isə qeyd edib ki, kitab Cənubi Azərbaycan haqqında yazılan kitabların içində özünəməxsusluğu ilə seçilir: “Kitabda əsas mövzulardan bir neçəsi ondan ibarətdir ki, burada iki tərəfin şəxsiyyətləri ortaya qoyulur və bizim onları müqayisə etmək imkanımız olur. Gördük ki, hər iki tərəfin şəxsiyyətləri millətlərin bütövlüyünü, Vahid Azərbaycanın qurulmasını istəyir. Hesab edirəm ki, hər bir azərbaycanlı kitabda olan şəxsiyyətlər, materiallar haqqında məlumatlı olmalıdır. Bu gün bizi ərazi baxımından ayırsalar da, mənəvi baxımdan ayıra bilməyiblər”.


Kitabın müəlliflərindən biri, AMEA-nın Şərqşünaslıq İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Əkrəm Rəhimli deyib ki, bu gün həm Güney, həm də Quzey Azərbaycanda milli oyanış lazımı səviyyədə getmir: “Ona görə də bu kitabların yazılması, təbliği çox önəmlidir. Kitabda hadisələrin xronologiyası verilib ki, bu da mühüm tarixlərin unudulmamasına xidmət edir”.


Kitabın digər müəllifi, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə isə bildirib ki, kitabın gələcəkdə təkrar nəşr olunması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR