Azərbaycanın penitensiar sistemində islahatlar aparılmasına dair proqramın yekun dəyərləndirmə konfransı keçirilib

Azərbaycanın penitensiar sistemində islahatlar aparılmasına dair proqramın yekun dəyərləndirmə konfransı keçirilib
# 15 dekabr 2006 13:23 (UTC +04:00)
Bu gün Avropa Şurası və Avropa Komissiyasının Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə əməkdaşlığı çərçivəsində penitensiar sistemdə islahatlar aparılmasına dair birgə proqramın yekun dəyərləndirmə konfransı keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən ədliyyə naziri Fikrət Məmmədov Azərbaycanda ədliyyə orqanlarının inkişafı və müasirləşdirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. O bildirib ki, ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı qanunvericilik bazası möhkəmləndirilib, yeni qanunlar qəbul edilib. Penitensiar sistemdə aparılan islahatların məhkumların saxlanma şəraitinin yaxşılaşdırılmasına, insan hüquqlarının müdafiəsinə xidmət etdiyini vurğulayan nazir bununla bağlı dövlət büdcəsindən ayrılan vəsaitin ilbəil artdığını diqqətə çatdırıb. F. Məmmədov bu sistemdə problemlərin tam həll olunmadığını, yeni cəzaçəkmə müəssisələrinin tikintisi ilə problemlərin həllini tapacağını deyib. Avropa Şurası və Avropa Komissiyası ilə birgə keçirilən layihə çərçivəsində görülən işlərdən razı qaldığını söyləyən F. Məmmədov beynəlxalq təşkilatlarla əməkdaşlığın davam etdiriləcəyini açıqlayıb.
AŞ baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Denis Bribosia, “Avropa Evi”nin əlaqələndiricisi Volfqanq Şporer çıxışlarında ədliyyə sahəsində əməkdaşlıq və layihənin əhəmiyyəti barədə danışıblar. Penitensiar Xidmətin rəisi Nazim Ələkbərov isə penitensiar sistem və onun inkişafı, son illər ərzində görülən işlər, gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat verib. O bildirib ki, məhkumların islahı, reabilitasiyası üçün onların işlə təminatı olduqca vacibdir. Nazir müavininin sözlərinə görə, məhkumların 15 faizi artıq işlə təmin olunub. N. Ələkbərov cəzaçəkmə müəssisələrində yeni iş yerlərinin açılması üçün İqtisadi İnkişaf Nazirliyinə müraciət olunduğunu deyib.
Sonra layihə çərçivəsində görülən işlərlə bağlı AŞ-nin eksperti Boquslav Burkeviçin müəllifliyi ilə çəkilmiş film nümayiş olunub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR