Bakıda yeni inşa olunan binanın 21-ci mərtəbəsinin uçması nəticəsində 5 nəfər yaralanıb

Bakıda yeni inşa olunan binanın 21-ci mərtəbəsinin uçması nəticəsində 5 nəfər yaralanıb
# 15 mart 2007 14:00 (UTC +04:00)
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə baş verən zaman binanın tikintisində çalışan 4 fəhlə və yoldan keçən 1 nəfər yaralanıb. Binanın yaxınlığındakı 15-dək avtomobilə ziyan dəyib. Hadisənin şahidlərinin bildirdiyinə görə, binanın yuxarı mərtəbəsində işləyən fəhlələrdən bir neçəsi yıxılıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıblar. Binada çalışan bəzi fəhlələrin, o cümlədən hadisə zamanı ərazidə olanların dediklərinə görə, ölənlər də var. Ölən və yaralananların sayının 10-dan çox olduğu bildirilir. Hadisə baş verən zaman sonuncu mərtəbədə xeyli fəhlə olub. Az sonra hadisə yerinə Səbail rayon Prokurorluğunun əməkdaşları və Dövlət Əmək Müfəttişliyinin nümayəndələri gəlsələr də, tikintinin mühafizəçiləri əvvəlcə onları hadisə yerinə buraxmayıblar. Dövlət Əmək Müfəttişliyinin əməkdaşı Razi Bayramzadə də jurnalistlərə açıqlamasında ilkin məlumatlara əsasən, baş vermiş uçqun nəticəsində ölən və yaralananların olduğunu təsdiqləyib: “Ancaq bizi hadisə yerinə buraxmadıqları üçün faktı dəqiqləşdirə bilmirik”.
Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin (FHN) mütəxəssisləri və Respublika Prokurorluğunun əməkdaşları işləyir. FHN-in Mülki Müdafiə Qoşunlarının əsgərləri ərazini əhatəyə alıb. Hadisə yerini müayinə etmiş FHN-in Mülki Müdafiə İşinin Təşkili İdarəsinin rəisi Kamil Bağırov jurnalistlərə bildirib ki, qəzaya texniki təhlükəsizlik qaydalarına riayət olunmaması səbəb olub: “Hazırda araşdırma aparılır. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək”.
Səbayel rayon Polis İdarəsinin 39-cu polis bölməsinin müstəntiqi Rəfael Rəcəbov isə bildirib ki, hadisə ilə bağlı artıq cinayət işi başlanılıb. Müstəntiqin sözlərinə görə, hadisə nəticəsində 5 nəfər yaralanıb ki, onlardan da 4-ü binada çalışan fəhlə, 1-i isə ərazidən keçən şəxsdir. Müstəntiq binanın uçması nəticəsində 7 maşına ziyan dəydiyini deyib.
Hadisə yerində olan fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev isə jurnalistlərə bildirib ki, hadisə binanın 21-ci mərtəbəsində betontökmə işləri aparılarkən baş verib, taxta konstruksiyalar betonun təzyiqinə tab gətirməyərək uçub. Qəza nəticəsində 4 fəhlə və binanın yanından keçən bir vətəndaş müxtəlif dərəcəli xəsarət alıb. Xəsarət alanlardan biri ağır vəziyyətdədir. O, “MediClub Center” özəl tibb müəssisəsinə yerləşdirilib. Nazir müavini FHN və Səbayel rayon Prokurorluğunun əməkdaşlarından ibarət 16 nəfərlik qrupun yaradıldığını, qrupun hazırda hadisə yerində iş apardığını vurğulayıb: "Hazırda binada bütün işlər dayandırılıb. Ümumilikdə, binada heç bir problem yoxdur. Sadəcə, 21-ci mərtəbədə betontökmə zamanı qəza baş verib. Binanın tikintisi davam etdiriləcək". O. Hacıyev onu da əlavə edib ki, qəza zamanı ziyan dəymiş maşınların sahiblərinə kompensasiyalar tikintini aparan şirkət tərəfindən ödəniləcək: “Bununla bağlı tikinti şirkəti ilə danışıqlar aparıldı. Ziyan dəymiş avtomobillərin siyahısı götürülüb, onların sahiblərinə kompensasiya veriləcək”.
Səbayel rayon prokurorunun müavini Elçin Sultanov da hadisə ilə bağlı cinayət işi başlandığını bildirib: “Hazırda hadisə yeri yaradılmış birgə qrup tərəfindən müayinə olunur. Həmçinin zərər çəkmiş şəxslərin müəyyən olunması üçün tədbirlər görülür”. E. Sultanov deyib ki, binanın inşası "Libra" MMC tərəfindən aparılır.
Travmotologiya və Ortopediya Klinik Xəstəxanasına yerləşdirilən xəsarət alanlardan birinin vəziyyəti ağır, digərlərininki isə orta ağırdır. Xəstəxanın növbətçi həkiminin APA-ya verdiyi məlumata görə, yaralananlar İmişli rayon sakini 51 yaşlı Təhməzov Fərhad Sahib oğlu, Astara rayon sakini 36 yaşlı Nemətov Vaqif Əbülfət oğlu, Lökbatan sakini 30 yaşlı Məmmədov Zakir Şakir oğlu və Füzuli sakini 23 yaşlı İbadov Elməddin Məhəmməd oğludur. “MediClub Center”dan isə APA-ya yaralının adını açıqlamayıblar. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR