Bakı-Quba yolunda baş verən qəzada ata və 2 aylıq qızı ölüb - YENİLƏNİB-1 - FOTO - VİDEO

Bakı-Quba yolunda baş verən qəzada ata və 2 aylıq qızı ölüb - YENİLƏNİB-1  - FOTO  - VİDEO
# 12 may 2022 13:53 (UTC +04:00)

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Bakı-Quba yolunda 3 nəfərin öldüyü qəza barədə məlumat yayıb.

BDYPİ-dən APA-ya verilən məlumata görə, bu gün saat 09:00 radələrində Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Xızı rayonu ərazisindən keçən 69-cu kilometrliyində paytaxt istiqamətində hərəkətdə olan Xızı rayon sakini 1991-ci il təvəllüdlü Qasımov Orxan Heydər oğlunun idarə etdiyi “VAZ 2106” markalı, 10-BP-326 dövlət qeydiyyat nişanlı avtomobil ilə onunla əks istiqamətdə hərəkətdə olan Rusiya Federasiyasının vətəndaşı Maqomed Abdulmecidovun idarə etdiyi “DAF” markalı, T 706ME05 qeydiyyat nişanlı yük avtomobili toqquşub.

Nəticədə, “VAZ 2106” markalı avtomobilin sürücüsü O.Qasımov, eləcə də sərnişinləri Xızı rayon sakini 1991-ci il təvəllüdlü Xudabaxışov Pərviz Nurəddin oğlu və onun 2 aylıq qızı Xudabaxışlı Mədinə Pərviz qızı hadisə yerində ölüb, avtomobildə olan digər sərnişinlər - 1964-cü il təvəllüdlü Vəsxanım Xudabaxışova və 1998-ci il təvəllüdlü Əfsanə Xudabaxışova isə xəsarət alıblar. Yaralılar Siyəzən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***

12.14

Bakı-Quba yolunda baş verən qəzada ölənlərin kimliyi məlum olub.

APA-nın şimal bürosunun verdiyi xəbərə görə, “VAZ 2106” markalı minik avtomobilinin yük maşınına çırpılması nəticəsində avtomobilin sürücüsü Orxan Qasımov, sərnişinlər 31 yaşlı Pərviz Xudabaxışov və onun 2 aylıq qızı Mədinə dünyasını dəyişib. Daha iki nəfər isə müxtəlif bədən xəsarətləri ilə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

11.26

Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosu xəbər verir ki, qəza magistralın 68-ci kilometrliyində qeydə alınıb.

“VAZ 2106” markalı avtomobil yük maşınına çırpılıb. Qəza nəticəsində 3 nəfər ölüb, 2 nəfər isə müxtəlif bədən xəsarətləri alıb.

Xəsarət alanlar Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR