DYP: Moped sürücülərinin məsuliyyəti ciddiləşəcək

Araz Əsgərli

© APA | Araz Əsgərli

# 14 dekabr 2021 13:44 (UTC +04:00)

Azərbaycanda son vaxtlar kiçik həcmli motora malik mopedlərin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin sayında artım müşahidə olunur. Bununla bağlı sosial şəbəkələrdə kifayət qədər videolar paylaşılır, müzakirələr aparılır.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli APA-nın sorğusuna cavab olaraq bildirib ki, mopedlərin (50 kub santimetrə qədər motor həcmi olan nəqliyyat vasitələri) idarə olunması üçün sürücülük hüququ, həmçinin, onların dövlət qeydiyyatına alınması barədə hallar bu günə qədər tətbiq olunan qanunvericilikdə əksini tapmayıb: “Vətəndaşların son vaxtlar bu növ nəqliyyat vasitələrindən istifadəsi isə ümumi nəqliyyatın hərəkətində kifayət qədər önəmli olmasına və yollardakı avtomobil sıxlığının aradan qaldırılmasına öz töhfəsini verəcək. Buna baxmayaraq, məsələ ilə bağlı vətəndaşlarda haqlı narazılıq və narahatlıq yaradan səbəblər də az deyil. Bu cür vasitələrə törədilmiş qəzaları, eləcə də qayda pozuntularını xüsusi texniki vasitələrlə aşkar etmək mümkünsüzdür."

Onun sözlərinə görə, “Yol hərəkəti haqqında” yeni qanuna bununla bağlı irəli sürülən təkliflər qısa zamanda öz həllini tapacaq və bu növ nəqliyyat vasitələrini idarə edənlərin məsuliyyəti daha da ciddiləşəcək.

Araz Əsgərli qeyd edib ki, hərəkətin digər iştirakçıları kimi təsisatlaşdırılmış mopedlər, velosipedlər, skuterlər, yeni nəsil nəqliyyat vasitələrinin idarə olunması ilə bağlı məsələ mövcud qanunvericilikdə əks olunmasa da, yeni qanunvericilikdə həllini tapacaq məsələlər siyahısındadır.

O, bu növ vasitələri idarə edən şəxslərə müraciət edərək hərəkət iştirakçısı kimi digər vətəndaşların da hüquqlarına hörmətlə yanaşmağa və yol hərəkəti təhlükəsizliyi qaydalarına ciddi şəkildə əməl etməyə çağırıb.

DYP əməkdaşı bildirib ki, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq yol-patrul xidməti əməkdaşları tərəfindən hərəkətin digər iştirakçıları qismində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülür.

Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinə uyğun olaraq hərəkətin digər iştirakçıları qismində olan şəxslərə müvafiq hallara uyğun olaraq 20 manatdan 100 manata qədər cərimə nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR