Narkotikin təsiri altında maşın sürən şəxs həbs olunub - FOTO

Narkotikin təsiri altında maşın sürən şəxs həbs olunub

© APA | Narkotikin təsiri altında maşın sürən şəxs həbs olunub

# 08 yanvar 2022 11:46 (UTC +04:00)

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin xüsusi taqımının əməkdaşları tərəfindən sürücülük hüququ olmadan, eləcə də narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb.

DYP-dən APA-ya verilən məlumata görə, cari ilin 7 yanvar tarixində Xırdalan dairəsi adlanan ərazidə xidmət aparan DYP əməkdaşları sutkanın qaranlıq vaxtı xarici işıq cihazları söndürülmüş vəziyyətdə hərəkətdə olan “BMW” markalı, NN-635-NH qeydiyyat nişanlı avtomobil aşkar etmiş, sürücüyə “saxla” işarəsi verilsə də, o, əvvəlcə göstərişə tabe olmayıb, lakin sonradan nəqliyyat vasitəsini dayandırıb.

Araşdırma zamanı avtomobili idarə edən 1983-cü il təvəllüdlü Əliyev İlqar Qəhrəman oğlunun nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı, eləcə də həmin avtomobilə aid 1060 manat ödənilməyən inzibati cərimə məbləğinin mövcudluğu aşkar edilmiş və göstərilən səbəblərdən avtomobilin mühafizə olunan duracağa yerləşdiriləcəyi barədə sürücüyə məlumat verilmişdir. Bu zaman polisin qanuni tələbinə qəsdən tabe olmayan İ.Əliyev müqavimət göstərərək ərazidən uzaqlaşmağa çalışmış, lakin DYP əməkdaşlarının sayıqlığı nəticəsində saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Bununla yanaşı, tibbi müayinə zamanı İlqar Əliyevin avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyi məlum olub.

Toplanmış materiallar Abşeron rayon məhkəməsinə göndərilmiş və müvafiq qərara əsasən İlqar Əliyev bir ay müddətində inzibati həbs olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR