Şəhid polkovnik Babək Səmidli dəfn olunub - YENİLƏNİB - FOTO

Şəhid polkovnik Babək Səmidli dəfn olunub - YENİLƏNİB - FOTO
# 24 noyabr 2020 11:45 (UTC +04:00)

Azərbaycan Ordusunun zabiti, polkovnik Babək Səmidli doğulduğu Göyçay şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

APA-nın məlumatına görə, dəfn mərasimində şəhidin yaxınları, Müdafiə Nazirliyinin nümayəndələri, hərbçilər, rayon ictimaiyyəti, şəhər sakinləri iştirak edib.

Hərbi orkestr tərəfindən Dövlət Himni səsləndirilib, yaylım atəşi açılıb.

Mərasimdə çıxış edənlər Babək Səmidlinin Vətən Müharibəsindəki şücaətindən, şərəfli döyüş yolundan, qəhrəmanlığından danışıblar.

Bildirilib ki, 1974-cü ildə Göyçay şəhərində anadan olan Babək Səmidli Türkiyədə hərbi ali təhsil aldıqdan sonra Azərbaycan ordusunda xidmət edib. O, aprel döyüşlərində və sentyabrın 27-də başlayan Qarabağ müharibəsində böyük şücaəti ilə yaddaşlarda qalıb. Talış kəndinə üçrəngli bayrağımızı sancan Babək Səmidli daim döyüşlərdə olub, təkbaşına 39 yaralı əsgərimizi döyüş ərazisindən çıxara bilib, Suqovuşanı azad edən kimi təhlükəli olsa da, mühəndisləri həmin əraziyə apararaq rayonlara su verilişini bərpa edib. Onun əsgərlər qarşısında çıxışı zamanı səsləndirdiyi 3 arzusu hamıda döyüşmək üçün ruh yüksəkliyi yaratmışdı. O, döyüşə gedən əsgərlərin şərəfli yolda olduqlarını, onlara ya qalib, ya şəhid, ya da qazi olmağı tövsiyə edirdi.

Komandirin bu sözləri əsgərlərdə ruh yüksəkliyi yaradırdı, hətta yaralı əsgərlər yenidən könüllü döyüşə gedirdilər.

Korpus komandiri, general-mayor Hikmət Həsənov polkovnik Babək Səmidlinin xidmətlərindən danışıb, onunla birgə işğaldan azad edilən rayonlara Azərbaycanın üçrəngli bayrağını sancdığını bildirib. Hikmət Həsənov şəhid polkovnikin tabutuna bükülmüş üçrəngli bayrağı onun oğlanları Mətləb Səmidli və Səmid Səmidliyə təqdim edib. Oğlanları vətənpərvər və qəhrəman ataları Babək Səmidli ilə fəxr etdiklərini bildirib, atalarının Qarabağı işğaldan azad etdikdən sonra onları Şuşaya aparacağı, qurban kəsəcəyi ilə bağlı arzularını dilə gətiriblər.

Dəfn mərasimində "Şəhidlər ölməz, Vətən bölünməz", "Qarabağ bizimdir, bizim olacaq" şüarları səsləndirilib, şəhidin ruhuna dualar oxunub.

Sonra hərbçilər Göyçay Şəhidlər Xiyabanında dəfn olunan Vətən oğullarının məzarını ziyarət ediblər.

***

11.00

Göyçayda Qarabağın erməni işğalından azad olunmasında qəhrəmanlıq göstərən şəhid polkovnik Babək Səmidlinin dəfn mərasimi keçirilir.

APA-nın məlumatına görə, korpus komandirinin müavini, polkovnik Səmidli Babək Mətləb oğlu dünən Suqovuşan qəsəbəsi ərazisində minaya düşərək şəhid olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR