Rusiyanın nüfuzlu dövlət xadimləri: “Polad Bülbüloğlu Rusiyada bütün qapıları açır”

Rusiyanın nüfuzlu dövlət xadimləri: “Polad Bülbüloğlu Rusiyada bütün qapıları açır”
# 04 fevral 2020 15:55 (UTC +04:00)

Görkəmli Azərbaycan musiqiçisi, bəstəkarı, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu 75 illik yubileyini qeyd edir. 14 ildir Rusiyada səfir kimi çalışan Polad Bülbüloğlu Rusiya paytaxtında akkreditə olunmuş diplomatik korpusun duayenidir. Polad Bülbüloğlu barədə Rusiyanın tanınmış dövlət və incəsənət xadimləri APA-nın Moskva müxbiri Fərid Əkbərova danışıblar.

Rusiya Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy bildirib ki, Polad Bülbüloğlu çalışdığı vəzifələrdə hər zaman Azərbaycanın maraqlarını müdafiə edib. Onun sözlərinə görə, 1960-cı illərdən Polad Bülbüloğlunu tanısa da, şəxsi tanışlıqları 1989-cu ilə təsadüf edib: “Tale elə gətirdi ki, hər ikimiz Mədəniyyət naziri vəzifəsində çalışmalı olduq. Bu zaman daha sıx təmaslarımız başladı. Polad çalışdığı vəzifələrdə hər zaman Azərbaycanın maraqlarını müdafiə edib. Onun kimi ölkəsinin maraqlarını müdafiə edən çox az adam tapılar. Onun şəxsi və artistlik keyfiyyətləri hədsiz dərəcədə yüksəkdir. O, təkcə məmur, nazir və səfir deyil, həm də əsl incəsənət adamıdır. Yanvarın 22-də Moskvada verdiyi 4 saatlıq canlı konsertdə bunun şahidi olduq. Polad Bülbüloğlu Heydər Əliyev siyasi məktəbini keçmişdi. Bilirsiniz, yaxşı artist olmaq olar, lakin yaxşı mədəniyyət naziri olmaq tamam ayrı məsələdir. Polad Bülbüloğlu Azərbaycan mədəniyyəti üçün nadir hadisədir. Onun Azərbaycan mədəniyyətinə verdiyi töhfələrin dəyəri yoxdur. Polad royal arxasına keçəndə ona sadəcə heyran olursan. Çox yaxşı xatırlayıram, Mədəniyyət naziri olarkən qazax həmkarımızın yubiley tədbiri keçirilirdi. Səhnədə Polad Bülbüloğlunu adını elan edən zaman zalda bütün qadınlar ayağa qalxdı, böyük coşqu yaşandı. Cavanı, yaşlısı, bütün qadınlar onu ayaq üstdə alqışlayırdılar. Ona görə də hər zaman deyirəm ki, Polad bütün nəsillərin ürəyini fəth etmiş sənətkardır".

"Polad Bülbüloğlu Rusiyada bütün qapıları açır"

M. Şvıdkoy deyib ki, Rusiyada Polad Bülbüloğlunun xüsusi təqdimata ehtiyacı yoxdur: “Polad Bülbüloğlunun Rusiyaya səfir təyin olunması Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən verilmiş çox müdrik qərardır. idi. Çox sadə bir nümunə göstərəcəyəm. Bu yaxınlarda ABŞ çox məşhur diplomat Con Sallevanı Rusiyaya səfir təyin edib. O, ABŞ Dövlət katibinin müavini vəzifəsində çalışıb, bir müddət Dövlət katibi vəzifəsini də icra edib. O, çox nəhəng bir ölkəni təmsil edir. Lakin Moskvada küçədən keçən birindən soruşsan ki, Sallevan kimdir, onu heç kəs tanımayacaq. Bəli, dövlətin yuxarı eşalonundan olanlar Sallevanı təcrübəli diplomat kimi tanıyırlar. Lakin Polad Bülbüloğlunu isə hər kəs tanıyır. Onun həqiqətən təqdimata ehtiyacı yoxdur. O, hansısa bir dövlət idarəsinə zəng edəndə, özünü səfir kimi təqdim etməsinə belə ehtiyac qalmır. Polad Bülbüloğlu Rusiyada bütün qapıları açır. Onun üçün burada heç bir problem yoxdur. Bəli, iki ölkə arasında bir çox çətin məsələlər ortaya çıxır. Bu, təbiidir. Lakin onun üçün bu problemləri həll etmək, digər səfirlərdən fərqli olaraq, daha asandır. Rusiyada Polad Bülbüloğluna qarşı böyük sevgi var".

“Ümid edirəm ki, Polad Bülbüloğlunun Qarabağ ağrısı nə vaxtsa sona çatacaq”

Rusiya Prezidentinin xüsusi nümayəndəsi illər öncə Polad Bülbüloğlu ilə birlikdə Ermənistanın işğalı altında olan Dağlıq Qarabağa humanitar missiya çərçivəsində səfərindən də danışıb: “Səhər tezdən qoşunların təmas xəttinin Azərbaycan tərəfindən Qarabağa yola düşdük. Bizim üçün minalardan təmizlənmiş cığır açmışdılar. Solumuz-sağımız minalanmış ərazilər idi. Dəhşətli bir mənzərə idi. Biz Şuşaya gəldik, Poladın atasının evinə, uşaqlığının keçdiyi evə... Çox dramatik və faciəvi bir an idi. Çünki bu evin xatirəsi onun üçün çox əziz və dəyərli idi. Qarabağ Poladın evidir. Məncə, Poladın yaradıcılığında Qarabağ torpağı, onun orada keçən uşaqlığı ilə əlaqəli motivlər öz sözünü deyib. Bu, həqiqətdir. Ümid edirəm ki, nə vaxtsa, Polad Bülbüloğlunun Qarabağ ağrısı sona çatacaq".

Rusiya Xarici İşlər nazirinin sabiq müavini, uzun illər ölkəsinin Azərbaycanla münasibətlərinə cavabdeh olan Qriqori Karasin Polad Bülbüloğlunu Moskva ilə Bakı arasındakı münasibətlərin kamertonu adlandırıb: “Tələbəlik dövründə, gənc diplomat olarkən onun mahnılarını oxuyurduq. Polad Bülbüloğlu Sovet İttifaqında məşhur idi. Onunla şəxsən tanışlığım 2002-ci ildə olub. Bu tanışlıq İngiltərənin Bukingem sarayında baş verib. O zaman dünya şöhrətli violençel ifaçısı Mstislav Rostropoviçin 75 illik yubileyi qeyd olunurdu. Təsadüfə baxın, indi Polad Bülbüloğlunun 75 illik yubileyi ilə bağlı danışırıq. Mən o zaman Rusiyanın Böyük Britaniyadakı səfiri vəzifəsində çalışırdım. Böyük nahar vaxtı həyat yoldaşımla masa arxasında əyləşmişdik. Bizimlə eyni masada İspaniya kralı, onun həyat yoldaşı və Azərbaycanın Mədəniyyət naziri Polad Bülbüloğlu əyləşmişdi. O zamandan münasibətlərimiz başladı və bu günə kimi dostluq edirik. Elə oldu ki, 2006-cı ildə Polad Bülbüloğlunu Azərbaycanın Rusiyaya səfiri təyin etdilər. O, Rusiya Xarici İşlər Nazirliyinin binasına gələndə ilk olaraq mənimlə qarşılaşdıq, görüşdük, qucaqlaşırıq... Polad Bülbüloğlu səfir etimadnaməsini mənə təqdim etdi. Bununla da Polad Bülbüloğlunun Moskvada səfir həyatı başladı”.

"Polad Bülbüloğlu Azərbaycanın Rusiyadakı haqq səsidir"

Q. Karasin qeyd edib ki, Polad Bülbüloğlu səfir vəzifəsinin öhdəsindən layiqincə gəlir: “Bunun bir sıra səbəbləri var. Birincisi, o, çox istedadlı, ağıllı və ən əsası Rusiyada çox məşhur biridir. Balacadan böyüyə kimi hamı Polad Bülbüloğlunu tanıyır. Bu məqam ona bütün qapıları açmaqda köməklik edir. Rusiya rəhbərliyi də Polad Bülbüloğluna böyük hörmətlə yanaşır. Bütün bu göstəricilər Polad Bülbüloğlunu əvəzolunmaz insan edir. Hazırda o, Rusiya paytaxtında akkreditə olunmuş diplomatik korpusun duayenidir. Bütün bunlar məsələnin formal tərəfidir. Əgər məsələnin əsas məğzinə gəlsək, deyə bilərik ki, Polad Bülbüloğlu öz fəaliyyəti ilə çox vacib fövqəladə bir vəzifəni yerinə yetirir. O, iki ölkənin xalqlarını yaxınlaşdırır. Polad Bülbüloğlu Moskva ilə Bakı arasındakı münasibətlərin kamertonudur. O, hər zaman işin emosional tərəfinə çox diqqətlə yanaşır. Polad Bülbüloğlu Azərbaycanın Rusiyadakı haqq səsidir".

"Polad Bülbüloğlunun hərəkəti siyasi demarş idi"

Rusiyalı diplomat Polad Bülbüloğlu ilə bağlı xatirəsini də bölüşüb: “MDB ölkələrinin Rusiyadakı səfirlərinin görüşü keçirilirdi. O zaman Polad Bülbüloğlu hamını mat vəziyyətə qoydu. Rahatlıqla ayağa qalxaraq çox məşhur bir sovet mahnısını ifa etdi. İnsanlar bilmədi ki, bunu alqışlasınlar, ya fikrə gedib hansı keçmişimizin olduğu və bizi hansı gələcəyin gözlədiyi haqda düşünsünlər. Polad Bülbüloğlunun hərəkəti siyasi demarş idi.

Polad Bülbüloğlu həm də çox gözəl lətifə danışır. Onun iştirakı ilə keçən bütün tədbirlər yumorla zəngin olur. Digər mühüm məsələ isə Polad Bülbüloğlunun Rusiya ilə Azərbaycan arasındakı münasibətlərə dair məsələlərə münasibətidir. O, Azərbaycanın mövqeyini, ölkə həqiqətini Rusiya tərəfinə elə çatdırır ki, bu doğrudan da hər zaman qarşı tərəfi heyran edir. Mən Polad Bülbüloğluna bu gün necədirsə, elə də qalmağı arzu edirəm. Təkcə incəsənətdə deyil, həm də diplomatik fəaliyyətdə hər zaman belə hücum energetikasına malik olsun”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR