AMB informasiya sistemlərinin dəstəklənməsinə 2,5 mln. manatadək vəsait xərcləyəcək

AMB informasiya sistemlərinin dəstəklənməsinə 2,5 mln. manatadək vəsait xərcləyəcək
  • Clock-gray 18:38
  • calendar-gray 04 İyun 2020

Azərbaycan Mərkəzi Bankı (AMB) informasiya sistemlərin dəstəklənməsinə dair keçirilən tenderlərin qaliblərini müəyyənləşdirib.

"APA-Economics"in "Elektron satınalma" portalına istinadən verdiyi məlumata görə, tender komissiyasının qərarına əsasən, Bankın elan etdiyi tenderlərin qalibləri “Sinam”, “GT Solyuşnz”, “İnfinitech” və “R.İ.S.K.” şirkətləri seçiliblər.

Şirkətlərlə ümumi dəyəri 2,48 mln. manatdan çox təşkil edən müqavilələr imzalanıb.

Müqavilələrə əsasən “Sinam” şirkəti tərəfindən bankda istismarda olan Elektron imza üzrə sertifikatlaşma sisteminin proqram platformasının dəstəklənməsi, Elektron Sənəd Dövriyyəsi Sisteminin təkmilləşdirilməsi və dəstəklənməsi xidmətləri, “GT Solyuşnz” tərəfindən maliyyə savadlığı portalının proqram platformasının dəstəklənməsi, menecment informasiya sisteminin proqram platformasının dəstəklənməsi, elektron statistik məlumat bazası və analitik hesabatlıq sisteminin və Elektron Xidmətlər Portalının proqram platformasının dəstəklənməsi xidmətləri göstəriləcək.

"R.İ.S.K.” və “İnfinitech” şirkətləri isə müvafiq olaraq Mərkəzləşdirilmiş Kredit Reyestri Sisteminin proqram platformasının dəstəklənməsi xidmətini və ofis periferiyası üçün istehlak materialları (printer və surətçıxaran aparatlar üçün katriclər və toner tozu) tədarük edəcəklər.

Hüseyn Vəliyev

Digər xəbərlər