“Azərsu” ASC millət vəkili Rəşad Mahmudovun ittihamlarına cavab verib

“Azərsu” ASC millət vəkili Rəşad Mahmudovun ittihamlarına cavab verib
# 25 dekabr 2020 18:41 (UTC +04:00)

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı parlamentin bu gün keçirilən iclasında millət vəkili Rəşad Mahmudovun 2008-ci ildə icrasına başlanan Astara şəhərinin su və kanalizasiya layihəsinin niyə kəm-kəsirlə yerinə yetirildiyi, Şuşada işlərə başlayarsa, nə vaxta başa çatdırmasına dair “Azərsu” ASC barədə səsləndirdiyi fikirlərə cavab verib.

APA-nın məlumatına görə, A. Cəbrayıllı bildirib ki, Astara şəhərində layihə üzrə tender 2014-cü ildə keçirilib və işlərə 2015-ci ildə başlanılıb: “Azərbaycan hökumətinin İslam İnkişaf Bankı ilə birgə maliyyələşdirdiyi layihədə yalnız içməli su infrastrukturunun yenidən qurulması nəzərdə tutulmuşdu. 15 oktyabr 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Astara şəhərinin içməli su təchizatı layihəsinin başa çatması münasibətilə açılış mərasimi keçirilib. Astara şəhərini içməli su ilə təmin etmək üçün Xanbulançay təmizləyici qurğusundan 29 km magistral su xətti çəkilib, şəhərdə 109 km paylayıcı şəbəkə inşa edilib”.

A. Cəbrayıllı qeyd edib ki, iki çağırış Astaradan millət vəkili seçilən R. Mahmudov yəqin ki, bunları bilməmiş deyil, bilmirsə, deməli, layihənin gedişi ilə heç vaxt maraqlanmayıb.

“Şuşa ilə bağlı suala gəldikdə isə millət vəkilinin diqqətinə çatdırmaq istəyirəm ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan ordusu tərəfindən işğaldan azad edildikdən sonra Şuşaya gedən ilk mülki şəxslər məhz “Azərsu” ASC-nin əməkdaşları olub. Onlar qısa müddətdə düşmən tərəfindən dağıdılmış magistral su kəmərlərini bərpa edərək Şuşa şəhərinin dayanıqlı içməli su təchizatını bərpa ediblər və o vaxtdan Şuşada xidmətimiz təşkil olunub”, - deyə A. Cəbrayıllı bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR