ICAO Azərbaycanda mülki uçuşların təhlükəsizlik standartına uyğunluğu artırıb

ICAO Azərbaycanda mülki uçuşların təhlükəsizlik standartına uyğunluğu artırıb
# 04 oktyabr 2022 16:04 (UTC +04:00)

1 – 8 iyun tarixlərində Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) tərəfindən Uçuşların Təhlükəsizliyinə Nəzarət üzrə Universal Audit Proqramı (USOAP) çərçivəsində Azərbaycan Respublikasında mülki aviasiya sahəsində uçuşların təhlükəsizliyinin beynəlxalq standartlara uyğunluğu üzrə növbəti genişmiqyaslı “ICAO Coordinated Validation Missions (ICVM)” auditi keçirilib.

Bu barədə "APA-Economics"ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Audit zamanı uçuşların təhlükəsizliyinin təmin edilməsi üzrə beynəlxalq standartlara uyğunluğun müəyyən edilməsi və dövlət nəzarətinin təşkili səkkiz kritik element üzrə ardıcıl mərhələdə yoxlanılıb. Bu elementlərə qanunvericilik, təşkilati struktur, uçuş əməliyyatlarının həyata keçirilməsinə nəzarət, hava gəmilərinin uçuş yararlığına nəzarət, aeronaviqasiya standartlarına nəzarət, aerodrom istismarçılarına nəzarət, şəhadətnamələrin rəsmiləşdirilməsi, aviasiya hadisələrinin araşdırılması daxildir.

Təşkilatın Baş qərargahı tərəfindən audit nəticələri üzrə 3 aydan artıq davam edən qiymətləndirməyə əsasən Validasiya Komitəsinin 26 sentyabr 2022-ci il tarixli ilkin hesabatına görə, Azərbaycan Respublikasında uçuşların təhlükəsizliyinə nəzarət sisteminin səmərəli tətbiqi və ICAO-nun standartlarına uyğunluq 80 faiz təyin edilib.

Bu göstərici 2025-ci ilə qədər ICAO tərəfindən müəyyən edilən həm dünya, həm də Avropa üzrə orta göstəricidən 5 faiz yüksəkdir və çox yaxşı nailiyyət hesab edilir. Eyni zamanda, bu göstərici 2018-ci ildə Azərbaycan üzrə keçirilmiş son audit nəticəsində müəyyən edilmiş 66 faiz uyğunluq göstəricisindən də xeyli yuxarıdır.

Auditin müsbət nəticələri ilə bağlı ICAO Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məktub ünvanlayaraq Azərbaycan Hökumətini və RİNN yanında Dövlət Mülki Aviasiya Agentliyini əldə edilmiş nailiyyətlərə görə təbrik edib. Məktubda, həmçinin gələcəkdə nəzarət potensialının daha da artırılması üzrə fəaliyyət istiqamətlərini müzakirə etməyə hazır olduqları bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR