"Nar"ın abunəçi bazası 15% artıb

"Nar"ın abunəçi bazası 15% artıb
# 28 oktyabr 2019 18:00 (UTC +04:00)

Azərbaycan mobil rabitə operatoru “Azerfon” MMC-nin (“Nar” ticarət nişanı) abunəçi bazası son 6 ay ərzində 15% artaraq 2,3 milyona çatıb.

“Azerfon”dan “APA-Economics”ə verilən məlumata görə, bunu şirkətin baş icraçı direktoru Qunnar Panke deyib.

Onun sözlərinə görə, hazırda “Nar”ın ölkənin mobil rabitə bazarında olan payı 23% təşkil edir.

Şəbəkənin genişləndirməsindən danışaraq Q. Panke bildirib ki, cari ilin əvvəlindən operator tərəfindən 86 ədəd yeni 3G baza stansiyası istifadəyə verilib və hazırda bu standartı dəstəkləyən stansiyaların sayı 2722-yə çatdırılıb. Bu günə ölkə əhalisinin 97,6%-i 3G şəbəkəsi ilə əhatə olunub.

Həmçinin şirkətin baş icraçı direktoru əlavə edib ki, bu il 1000-dən artıq 4G (LTE) və 4,5G (LTE-A) texnologiyalarını dəstəkləyən baza stansiyaları istifadəyə verilib. Hazırda “Nar”ın 2744 ədəd 4G və 4,5G texnologiyalı baza stansiyaları ölkə əhalisinin 91,5%-ni əhatə edir.

“4G istifadəçilərinin sayı təxminən 870 min nəfərdir. Bu isə o deməkdir ki, hər üç “Nar” abunəçisindən biri 4G-dən istifadə edir. Əlbəttə, məqsədimiz əhatə dairəsini daha da genişləndirməkdir”, - deyə Q. Panke qeyd edib.

Şirkət rəhbəri vurğulayıb ki, cari ildə 4G istifadəçilərin sayı rayonlarda 116%, Bakı və Abşeronda isə 89% artıb. Eyni tendensiya internet istifadəsində də qeydə alınıb. Belə ki, Bakı və Abşeronda artım 62%, regionlarda isə 65%-dir.

“Hazırda 53 rayonu 4G infrastrukturu ilə təmin edirik. Biz həmçinin regionlarda smartfonların geniş yayıldığını da qeyd edə bilərik. İllik artım 15%-ə çatıb. Təbii ki, regionlarda çox sayda ənənəvi mobil telefon istifadəçisi var və onların hələ də münasib qiymətə səsli xidmətlərə ehtiyacı var. Buna görə də, şəbəkənin əhatə dairəsini daha da təkmilləşdirmək üçün 3G şəbəkəsinə investisiyalar ayırmaqda davam edirik”, - deyə Q. Panke əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR