Azərbaycanda “Caucasus Ventures” vençur kapital fondu yaradılıb

Azərbaycanda “Caucasus Ventures” vençur kapital fondu yaradılıb
# 29 noyabr 2022 13:31 (UTC +04:00)

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, “PAŞA Holdinq” Şirkətlər Qrupu və fərdi investorların iştirakı ilə innovasiya ekosisteminin inkişafı üçün böyük əhəmiyyət kəsb edən “Caucasus Ventures” vençur fondu yaradılıb.

APA-Economics” xəbər verir ki, fondun yaradılmasında əsas məqsəd toxum sonrası böyümə və “A” mərhələsində olan startaplara sərmayə yatırmaqdır. Fond Azərbaycanın innovasiya ekosisteminin inkişafı üçün əlverişli şərait yaradacaq, ölkədə investisiya mədəniyyətinin formalaşmasına təkan verəcək, xarici startaplar və investorların diqqətini yerli bazara cəlb edəcək. Vençur fondu innovasiya ekosistemində maliyyə axınını təmin etməklə startapların inkişafına önəmli töhfə verəcək.

Qeyd edək ki, sözügedən fondun nizamnamə kapitalı 11,3 mln. manat təşkil edir. “Paşa Holdinq” Şirkətlər Qrupu fonda 5 milyon manat və fərdi sahibkarlar 1,3 mln. manat vəsait ayırmaq haqqında razılığa gəliblər. Eyni zamanda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi özəl tərəfdaşların təşəbbüsünə dəstək göstərərək “Caucasus Ventures”ə əlavə 5 mln. manat vəsait ayırıb.

“Caucasus Ventures” 5 il ərzində Azərbaycan, Gürcüstan, Türkiyə, Orta Asiya və Şərqi Avropa ölkələrindən olan startaplara sərmayə yatıracaq.

“PAŞA Holdinq”in baş icraçı direktoru Cəlal Qasımov çıxışında deyib ki, ilk Vençur Kapital Fondu davamlı olacaq və gələcəkdə ölkədə bu cür fondların sayı dəfələrlə çox olacaq: "Bu yolda ilk vençur kapitalın uğurlu olması çox vacibdir və “PAŞA Holdinq” öz tərəfindən fondun uğurlu olması üçün lazımi dəstəyi əsirgəməyəcək".

“Caucasus Ventures” fondunun rəhbəri Məmməd Kərim qeyd edib ki, startap ekosisteminin mühüm alətlərindən olan vençur maliyyəşməsinin institutlaşması və bunun mövcud qanunvericiliklə bərqərar olması ölkədəki investisiya mühitinin kifayət qədər ciddi layihələrə hazır olduğunu göstərir: "Çox şadam ki, bu imkanları sadəcə ölkədəki startaplar üçün deyil, həm də regional startaplar üçün açıq elan etmişik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR