Bank Milli İranın Bakı Filialı 2019-cu ildən məcmu kapital tələbini pozub

Bank Milli İranın Bakı Filialı 2019-cu ildən məcmu kapital tələbini pozub
# 26 may 2023 16:25 (UTC +04:00)

Bank Milli İranın Bakı Filialı (“Bank Melli İran-Baku”) 2019-cu ildən məcmu kapitalla bağlı tələbləri pozub.

APA-Economics”in araşdırmasına görə, sonuncu dəfə Filialın məcmu kapitalı 2018-ci ildə Azərbaycanda fəaliyyət göstərən yerli banklar və xarici bankların burada fəaliyyət göstərən filiallarına qoyulan minimal 50 milyon manat tələbdən yüksək olub. 2018-ci ilin audit olunmuş hesabatına əsasən, Filialın məcmu kapitalı 53,1 milyon manat təşkil edib. 2019-cu ildə 37 milyon manat bölüşdürülməmiş zərər Filialın məcmu kapitalını 36,6 milyon manata kimi endirib. 2020-ci ildə bu rəqəm 37,4 milyon manata, 2021-ci ildə 36,4 milyon manat, 2022-ci ildə isə bir qədər yüksək - 38,1 milyon manat təşkil edib.

“Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nın tələblərinə əsasən, Azərbaycanda yeni yaradılan banklar üçün nizamnamə kapitalının, xarici bankların yerli filialları üçün nizamnamə kapitalına bərabər tutulmuş vəsaitin minimum miqdarı 50 milyon manat məbləğində olmalıdır. Bu isə o deməkdir ki, Bank Milli İranın Bakı Filialı məcmu kapitalla bağlı müəyyən edilmiş tələbləri pozduğu halda fəaliyyətini davam etdirir.

Xatırladaq ki, mayın 26-da “Bank Milli İran Baku”nun bir aydan artıq müddətdə əmanət qoyuluşu və kredit verilişini dayandırdığı məlum olub. Buna səbəb Filialın tənzimləyici qurumun kredit təşkilatına məktub göndərməsi və hesabdan pul götürmək istisna olmaqla bütün bank əməliyyatlarının (depozit qəbulu, kredit verilməsi və s.) dayandırılmasını tələb etməsi olub. Azərbaycan Mərkəzi Bankından isə bildirilib ki, məsələ ilə bağlı qısa zamanda açıqlama veriləcək.

Azərbaycan Mərkəzi Bankı bundan əvvəl mayın 16-da "Günay Bank"ın lisenziyasını ləğv edib. AMB səbəblərdən biri kimi məcmu kapitalla bağlı minimal tələbin pozulmasını da qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR