ƏSF: Azərbaycan banklarının risk reytinqinə uyğun olaraq təqvim haqları müəyyən ediləcək - MÜSAHİBƏ

ƏSF: Azərbaycan banklarının risk reytinqinə uyğun olaraq təqvim haqları müəyyən ediləcək - MÜSAHİBƏ
# 04 iyul 2022 12:02 (UTC +04:00)

Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) icraçı direktoru Tural Piriyevin “APA-Economics”ə müsahibəsi.


Beynəlxalq müstəvidə Fondun əməkdaşlığı genişlənirmi? Bu sahədə hansı ölkələrin təcrübəsindən yararlanmaq niyyətindəsiniz?

Sektor üzrə Azərbaycanda institusional olaraq əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi istiqamətində addımlar atılır. Bu, həm beynəlxalq təcrübənin öyrənilməsidir, həm də beynəlxalq tərəfdaşlarla əməkdaşlıqdır. Son iki ildə bu istiqamətdə aparılan işlər həddindən artıq gücləndirilmişdir. Xüsusən də qeyd edərdim ki, Türkiyə, daha öncə isə ABŞ, Ukrayna, Koreya və Kanada ilə sıx əlaqələr yaradılmışdır. Bu ölkələrlə qarşılıqlı səfərlər planlaşdırılır. Biz artıq Türkiyənin Tasarruf Mevduatı Sigorta Fonu (TMSF) ilə Anlaşma Memorandumu imzalamışıq. Bundan əlavə Cənubi Koreyanın Sığortalanma Korporasiyasının (KDIC) rəsmilərinin əməkdaşlıq məqsədi ilə Azərbaycana səfəri nəzərdə tutulmuşdur. Qarşılıqlı əməkdaşlıq bizim diqqət mərkəzimizdədir və biz bu münasibətləri daha da genişləndiririk. Beynəlxalq maliyyə institutları ilə də əlaqələrimiz dərinləşir və biz onları layihələrimizə məsləhətçi olaraq cəlb edirik. Bəzi hallarda əməkdaşlıq maddi dəstəyi də özündə ehtiva edir.

Əməkdaşlıq edəcəyiniz bir sıra ölkələri qeyd etdiniz. Deyə bilərdiniz mi, Fond hansı təcrübədən bəhrələnmək niyyətindədir?

Ən vacib iki faktor var. İlk öncə risk-əsaslı sığorta modelinə keçid məsələsidir. Bildiyiniz kimi, biz hazırda sabit sığortalanma dərəcəsi müəyyən edirik. Bu, qanunvericilikdə müəyyən olunur və bankların risk reytinqindən asılı olmayaraq qanunun təsirinə düşən bütün kommersiya banklarından biz sığorta olaraq eyni sabit sığortalanma dərəcəsinə uyğun vəsaiti alırıq. Biz artıq risk-əsaslı modelə keçmək istəyirik. Yəni bankların risk reytinqinə uyğun olaraq, onlar üçün fərdi qaydada xüsusi təqvim haqları müəyyən olunsun.
Digər məsələ, “Mərkəzləşmiş Depozit Reyestri”nin yaradılması istiqamətində görüşlər keçirilir. Artıq ilk addımlar da atılmışdır. Hazırda ölkə daxilində hökumət və dövlət qurumları ilə əlaqələr yaradılıb, onların da mövqeləri öyrənilib. Təbii ki, xarici ölkələrdə bizim tərəfdaş orqanlar da bunun tətbiqində maraqlıdırlar ki, eyni praktikanı öz ölkələrində tətbiq etsinlər.
İki əsas faktorumuz budur – “Mərkəzləşmiş Depozit Reyestri” və risk-əsaslı sığorta modelinin tətbiqi. Digər istiqamətlərdən - maliyyə, risk, aktivlərin idarə olunması, arxiv işinin təşkil olunması kimi sahələrdə də beynəlxalq təcrübə yaxından öyrənilərək növbəti aylardan tətbiq olunması planlaşdırılır. İlkin mərhələdə artıq müəyyən olunan proqrama əsasən Türkiyə ilə əməkdaşlığa başlanılıb, hətta bildiyiniz kimi may ayının 9-da İstanbul şəhərində Türkiyənin Tasarruf Mevduatı Sıgorta Fonu ilə ƏSF arasında Anlaşma Memorandumu imzalanıb.

Banklardan üzvlük haqqının yığılmasında risk-əsaslı modelin tətbiq olunacağını qeyd etdiniz. Bu model nə zamandan tətbiq edilə bilər?

Risk-əsaslı yığım sisteminin tətbiqi ilə bağlı müəyyən dövlət qurumları ilə görüşlər keçirilir. Xüsusən də bu mövzuda Azərbaycan Mərkəzi Bankı ilə qarşılıqlı olaraq işləyirik. Bundan əlavə, xarici tərəfdaşlarla da mütəmadi olaraq əlaqədəyik. Onlardan təlimlər və digər formada yardımlar alırıq. Ümid edirəm ki, yaxın gələcəkdə biz bu modelə keçəcəyik. Bu model tətbiq olunandan sonra vahid format dəyişəcək və bankların risk reytinqinə uyğun olaraq fərdi qaydada yığım tarifləri müəyyən olunacaq.

Bildiyimiz kimi ƏSF həm ləğvedicidir həm də sığortalanan əmanətlər üzrə kompensasiya ödəyən qurumdur. Burada ziddiyyətli məqamlar yaranır. Bu ziddiyyətlər necə tənzimlənir?

Bəli, qeyd etdiyiniz kimi, biz həm sığorta qurumu kimi fəaliyyət göstərərək kompensasiya ödəyirik, digər tərəfdən isə ləğvedici kimi qanuna uyğun olaraq fəaliyyət göstəririk. “Banklar haqqında” Qanunun tələbinə əsasən müvafiq məhkəmənin qərarı əsasında banklar ləğv olunduqda Fond ləğvedici kimi təyin olunur. Biz kompensasiyanı ödədikdən sonra, banklar bu vəsaiti Fonda geri qaytarmalıdır. Bu ilk növbədə, ləğv edilən bankın aktivlərindən kredit portfelinin hesabına olur. Düşünürəm ki, ən məntiqlisi Fondun bu fəaliyyəti həyata keçirməsidir. Çünki ümumi portfelin sağlam və şəffaf şəkildə yığılmasına birinci maraqlı olan bizik. Təbii ki, bu çətin prosesdir, lakin həm sığortaçı, həm də ləğvedici olaraq vahid vəhdət formasında fəaliyyət göstərmək, məncə, mütləqdir. Ona görə burada ziddiyyət faktorunu görmürəm.
Bundan əlavə demək olar ki, bir çox ölkələrdə də bu proses eyni qurum tərəfindən aparılır. Təbii ki, fərqli yanaşmalar da var. Yəni sığorta fəaliyyəti bir qurum tərəfindən, ləğv prosesi digər qurum tərəfindən həyata keçirilir. Amma, ən geniş yayılan forması, hazırda Azərbaycanda mövcud olan formadır.


ƏSF 2020-ci ildə zərəri kapital qoyuluşu hesabına ödəmişdir. 2021-ci ildə bu necə tənzimlənib?

Bildiyiniz kimi, 2020-ci ildə Əmanətlərin Sığortalanması Fondunun yığılmış zərərləri 878 mln. manat təşkil edirdi. Bu məbləğin də 602 mln. manatı elə 2020-ci il ərzində formalaşmışdır. Ona görə ki, 4 bankda sığorta hadisəsinin baş verməsi nəticəsində Fond tərəfindən kreditorlara təxminən 676 mln. manatlıq kompensasiya ödənişi həyata keçirilməli idi. 2021-ci il ərzində Əmanətlərin Sığortalanması Fondunun 104 mln. manat məbləğində mənfəətin yığılmasına nail olub və nəticədə Fondun 104 mln. manat məbləğində yığılan zərəri azaldılıb. Fondun sözügedən dövr ərzində ümumi gəlirləri 113 mln. manat həcmində idi. Buraya 50 mln. manatlıq təqvim haqları ilə yanaşı 50 mln. manat məbləğində reqres gəlirləri daxil idi. Biz ləğv prosesində olan banklarda kredit yığımlarını artırdığımıza görə Fondun reqres tələblərini daha sürətli şəkildə geri qaytarmağa nail olmuşuq. Bundan əlavə 1.6 mln. manat məbləğində diskontlaşmanın geri qaytarılması üzrə maliyyə gəliri, Əmanətlərin sığortalanması haqqında Azərbaycan Respublikası Qanununa əsasən kompensasiya ödənişləri üzrə ilk dəfə elan verildiyi tarixdən 5 il müddət keçməsi nəticəsində, ƏSF-nin qorunan əmanətlər üzrə kompensasiya öhdəliyi 8 mln. manat azalıb ki, bu da öz əksini Fondun gəlirlərində tapıb və 2.6 mln. manat məbləğində gözlənilən kredit zərərlərinin bərpası nəticəsində əldə edilən gəlirlər olub.
Həmin zamanda Fondun 676 mln. manatlıq kompensasiya öhdəliyi yaranmışdır. Fondun o dönəmdə olan ehtiyat yığımları 208 mln. manat idi və biz qalan vəsaiti Azərbaycan Mərkəzi Bankından güzəştli şərtlərlə kredit şəklində cəlb etmişdik. İlkin olaraq nəzərdə tutulmuş rəqəm 480 mln. manat idi. Bu da tranşlarla olacaqdı. Sadəcə biz kredit yığımlarını həddən artıq yüksəltdik və həmin məbləğin cəmi 340 mln. manatını kredit olaraq götürdük. Baxmayaraq ki, biz 2023-cü ildən kredit ödənişlərinə başlamalı idik, lakin həmin məbləğin 50 mln. manatını artıq qaytarmışıq. Bunu da təqvim haqlarının və ilk dəfə olaraq ƏSF-nin qanunvericiliyə uyğun olaraq əlavə haqq tətbiq etməsi hesabına qaytara bilmişik. “Əmanətlərin sığortalanması haqqında” Qanunun 14-cü maddəsində təqvim haqları ilə yanaşı əlavə haqların cəlb edilməsi hüququ nəzərdə tutulmuşdur. Biz, Fond tarixində ilk dəfə olaraq qanunun imkan verdiyi bu hüquqdan istifadə edərək təqvim haqlarının toplanması ilə yanaşı, əlavə haqqın alınmasını tətbiq etdik ki, bu da ƏSF-nin yığımlarının artmasına səbəb olmuşdur. Nəticə etibarı ilə biz, kredit yığımları üzrə təyin edilən qrafiki qabaqlamış olduq. Hazırda bizim kredit öhdəliyimiz 290 mln. manat təşkil etsə də, zaman keçdikcə öhdəliklərimizin həcmi nəzərəçarpacaq qədər azalacaq. Fond götürülən kreditin geri ödənilməsinə 2023-cü ildə başlamalı idi, lakin, biz nəinki az kredit götürdük, hətta qrafikdən öncə krediti geri ödəməyə başladıq. Bütün bu faktları nəzərə alaraq Əmanətlərin Sığortalanması Fondunun hazırkı maliyyə vəziyyətini şəxsən mən müsbət qiymətləndirirəm.

2021-ci ildə ləğv prosesində olan hansı bank və bankların kreditorları ilə işlərin tamamlanması gözlənilir?

Hazırda 21 bank ləğv etmədədir və onların heç birinin ləğvetmə prosesi başa çatmamışdır. Biz ilkin olaraq “Borçalı Bank”ın ləğvetmə prosesini bu il ərzində yekunlaşdırmaq niyyətindəyik. İkinci planda isə “Azərbaycan Kredit Bankı”dır. Burada da demək olar ki, bütün kreditor tələbləri ödənilmək üzrədir.

Bağlanan bankların daşınmaz əmlakının satışlarından nə qədər vəsait əldə olunub? Əldə olunan vəsaitlər hansı istiqamətlərə yönəldilir?

Satışdan əldə olunan vəsaitlərin yönəldilməsi qanun çərçivəsində həyata keçirilir. 2021-ci ildə ümumilikdə 4 mln. manat dəyərində daşınmaz əmlak satılmışdır. Bu məbləğ az görünə bilər. Pandemiya dövründə daşınmaz əmlak bazarında yaranan durğunluq ölkəmizdən də yan keçməmişdir. Təbii ki, bu hal ləğv prosesində olan bankların əmlaklarının satışı prosesinə də mənfi təsirini göstərmişdir. Lakin, hazırda biz bu prosesin sürətləndirilməsini qarşımıza məqsəd qoymuşuq.

Bəllidir ki, Fond ilk növbədə fiziki şəxslərin əmanətlərinin geri qaytarılmasını prioritet sayır. Bununla yanaşı hüquqi şəxs olan kreditorlar da var. Bu kateqoriyadan olan əmanətçilərə kompensasiya qaytarılıbmı?

Sizin əvvəlki sualınıza cavab olaraq bildirdim ki, “Banklar haqqında” Qanunun 82-ci maddəsinə uyğun olaraq müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında növbəlik qaydasında bölüşdürülür.
Ardıcıllığa uyğun olaraq, ilk növbədə qorunan əmanətlərlə bağlı fiziki şəxslərə ödənilən kompensasiyalar üzrə Fondun reqres tələbləri icra edilir. Daha sonra ardıcıl olaraq digər öhdəliklər və son növbədə təminatsız kreditorların tələbləri ödənilir.
Hüquqi şəxslərin təminatsız kreditor tələbləri də qanunla təsbit edilmiş sıralamada sonuncu sırada yer alır. Qeyd etmək istərdim ki, 2021-ci ildə bu istiqamətdə “Royal Bank” üzrə 12-ci tranş, “Dəmir Bank” üzrə 2-ci tranş icra olunmuşdur. Bu proses hələ istədiyimiz sürətlə həyata keçirilmir, lakin qeyd edim ki, biz kredit yığımlarının artırılması istiqamətində zəruri tədbirlər görürük. Yığımlar artdıqca ödənişlər də müvafiq olaraq daha da sürətlənəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR