Minsk-2019-un direktoru: "Yalnız Oyunların startı qalıb" - MÜSAHİBƏ

Minsk-2019-un direktoru: "Yalnız Oyunların startı qalıb" - MÜSAHİBƏ
  • Clock-gray 20:10
  • calendar-gray 20 İyun 2019

II Avropa Oyunlarının Əməliyyat Komitəsinin direktoru, Belarus Milli Olimpiya Komitəsinin baş katibi və ölkənin Milli Karate Federasiyasının prezidenti Georgi Katulin Minskə ezam olunan azərbaycanlı jurnalistlərə müsahibə verib. O, APA-nın əməkdaşının da suallarını cavablandırıb. 

- Sabah II Avropa Oyunlarına start veriləcək. Minsk-2019-un hazırlıq dövrünü necə keçirdiniz?
- Gərgin alındı. Bu, nəhəng tədbirdir. İlk dəfə belə səviyyədə çoxfunksiyalı yarışa ev sahibliyi edirik. Hər il demək olar ki, 20 yüksək səviyyəli beynəlxalq turnir keçiririk. Amma kompleks yarış ilk dəfədir. Bu Oyunlara təşkilatçılıq hüququna yiyələndiyimiz vaxt starta lazımı vaxtdan az, iki ildən bir qədər çox qalırdı. Hazırlıq baxımından həddən artıq çox güc sərf edəsi olduq. Hərçənd, hazırkı infrastrukturumuzu nəzərə alaraq, tikinti üçün böyük xərclərdən yayınası olduq. Əsas çətinliklər miqyaslı təşkilatı layihələrlə bağlı oldu. Bunlara nəqliyyatın idarə olunması, yaşayış, qidalanma və digər məsələlər aiddir.

- İlk Avropa Oyunlarının ölkəmizdə keçirildiyini nəzərə alsaq, Azərbaycan təcrübəsindən yararlandığınızı demək olarmı?
- Sözsüz ki. Bakıda keçirilmiş ilk Avropa Oyunlarının təşkilatçıları - gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və digərlər rəsmi şəxslərlə dostuq. Bir qrup azərbaycanlı mütəxəssis Minsk-2019-un Əməliyyat Komitəsində çalışdı və biz onların da təcrübəsindən məmnuniyyətlə bəhrələndik. 

- Demək olarmı ki, Minsk II Avropa Oyunlarına tam hazırdır?
- Fikrimcə, bəli. Ötən gün açılış mərasiminin böyük məşqi keçirildi, bu gün Atletlər kəndində iştirakçı dövlətlərin bayraqlarının qaldırılması mərasimi olub. Atletlər kəndi artıq tam həcmdə fəaliyyətdədir, bütün obyektlər istifadəyə verilib. Şəhər hazırdır, həmçinin fanzonalar açılıb. Yalnız Oyunların startı qalıb. İlk yarışlar iyunun 21-də - boks, kamandan oxatma və basketbolun 3X3 növü üzrə olacaq. 

- Biletlərin qiymətləri reallığa nə dərəcədə uyğundur?
- Avropa ölkələri və ya Olimpiya Oyunları ilə müqayisə etsək, qiymətlər sadəcə rəmzidir. Açılış mərasiminə ən bahalı bilet 300 rubl və ya 150 dollar civarındadır. Halbuki 2012-ci il London Yay Olimpiya Oyunlarında bilet 2012 funt və ya 3000 dollar idi. Minsk-2019-da yarışlara biletlər isə 7-50 rubldur. 

- Avropa Oyunlarının perspektivini necə görürsüz?
- Bu Oyunlar sayəsində gənclərimiz üçün peşəkarlıq baxımından böyük təcrübə qazanacağımıza ümid edirik. Səkkiz mindən artıq könüllü cəlb etmişik. Onların çoxu Belarus ali təhsil müəssisələrinin tələbələridir. Demək olar ki, hamısı xarici dil bilirlər. Əlbəttə, onlar bütün 50 ölkənin nümayəndələrilə qiymətsiz ünsiyyət təcrübəsi qazanacaqlar və ömürboyu bunu xatırlayacaqlar. 

- Açılış mərasimində hansı yüksək səviyyəli qonaqların iştirakı gözlənilir?
- Xarici İşlər Nazirliyimizin bizə verdiyi məlumata görə, 10-dək dövlət və hökumət başçısının, Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi, ayrı-ayrı idman növləri üzrə beynəlxalq federasiyaların, sırf əməkdaşlıq etdiyimiz digər ölkələrin təşkilat komitələrinin rəsmilərinin iştirakını gözləyirik. Minskə 47 ölkənin milli olimpiya komitələrinin prezidentləri, onların 45 baş katibi və digər tanınmış şəxslər gələcək. Bundan əlavə, bütün diplomatik, o cümlədən Azərbaycanın nümayəndələri açılışda olacaqlar. Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə mərasimə qatılacaqlar. Azərbaycan idmançılarının çıxışlarını səbirsizliklə gözləyirik. Bilirik ki, ilk Avropa Oyunlarında çox uğurla çıxış etmisiniz. Azərbaycan idmançılarının ciddi uğurlara nail olduqları idman növlərində çox yaxşı təmsil olunuruq. Bu, ilk növbədə yaxınlıqdakı İdman Sarayında sambo, sərbəst, yunan-Roma və qadın güləşi növlərinə aiddir. Karatedə böyük nailiyyətləriniz var. Amma biz də mübarizə aparmağa hazırıq. Azərbaycanın karatedə nəhəng uğurlara sahibdir. Lakin Belarus Karate Federasiyasının prezidenti kimi demək istərdim ki, biz müqavimət göstərə bilərik. Bakıda qazanılmış medalları asanlıqla əldən verməyəcəyik. 

Tahir Hümmətov

Digər xəbərlər

Arxiv

date