Prezident: “Xarici işlər nazirlərinin sabahkı görüşünün nəticələrini gözləyirik”

İlham Əliyev, Azərbaycan Prezidenti

© APA | İlham Əliyev, Azərbaycan Prezidenti

# 15 iyul 2022 19:04 (UTC +04:00)

“Digər məqamlardan biri də odur ki, son vaxtlar Ermənistan rəhbəri yenə də hansısa status haqqında danışmağa başlayıb. Halbuki, müharibəyə son qoyulanda, Ermənistan kapitulyasiya aktına məcburən imza atanda bizim - Azərbaycan, Rusiya, Ermənistanın rəhbərləri arasında şifahi razılaşma olmuşdur ki, status məsələsinə toxunulmur”.

APA xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışında deyib.

Dövlət başçısı bildirib ki, Ermənistan müəyyən müddət buna əməl edirdi: “Ancaq son zamanlar artıq bu, adi hala çevrilib. Gah onların baş naziri, gah xarici işlər naziri Qarabağın statusundan danışırlar. Status hara gedib və statusla nə olub, mən müharibədən sonra demişəm, təkrarlamaq istəmirəm. Əgər Ermənistanda bunu kimsə unudubsa, təkrarlaya bilərəm. Amma hesab edirəm ki, hələlik buna ehtiyac yoxdur. Ona görə status haqqında danışmaq Ermənistan üçün hesab edirəm ki, çox təhlükəli məsələdir. Çünki biz də status haqqında danışa bilərik, Zəngəzur üçün status tələb edə bilərik. O Zəngəzur ki, 1920-ci ilin noyabrında bizdən qoparıldı. Biz ki, danışmırıq, amma danışa bilərik, baxaq görək nəticəsi nə olacaq. Buna oxşar mənfi məqamlar çoxdur”.

Prezident İlham Əliyev qeyd edib ki, yenə də ölmüş Minsk qrupunu diriltmək cəhdləri var: “İndi Minsk qrupu faktiki olaraq səhnədən gedib. Biz - bu prosesin iştirakçısı olan ölkə deyirik ki, Minsk qrupuna ehtiyac yoxdur, 28 il heç bir nəticə hasil etməyən qrupa ehtiyac yoxdur. Bunu biz deyirik. Minsk qrupu həmsədrləri arasında yumşaq desək, soyuq müharibə gedir. Faktiki olaraq özləri etiraf edirlər ki, Minsk qrupu qeyri-funksionaldır. Rusiya tərəfi deyir ki, Minsk qrupu artıq fəaliyyətsizdir və digər həmsədrlər bu instituta son qoyub. Ermənistan tərəfi yenə də, hər dəqiqəbaşı Minsk qrupu belə gəldi, Minsk qrupu belə getdi deyir. Bu, nə deməkdir? Sadəcə olaraq, biz yenə də bunun arxasında ölkəmizə qarşı ərazi iddiası görürük. Bir tərəfdən, Ermənistan bizim beş prinsipimizi qəbul edir, bunu etiraf edir - onların arasında ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınması, bir-birinə qarşı ərazi iddialarından əl çəkilməsi və digər müddəalar var - digər tərəfdən, Minsk qrupu elə bil, nə iləsə məşğul olmalıdır. Onda sual olunur: Nə ilə məşğul olmalıdır? Qarabağ münaqişəsi həll olunub, Qarabağ mövzusu bağlanıb. Qarabağ Azərbaycandır! Bunu mən demişəm və haqlı olaraq demişəm, indi bunu hamı deyir. O cümlədən Ermənistan deyir - öz xoşu ilə yox, məcburən. Bu məsələ ilə bağlı müzakirə apardığımız bütün ölkələr, təşkilatlar deyir. Ona görə görürsünüz, bilirsiniz, bax, bu mənfi meyllər güclənir. Bütün məsələlərlə bağlı, məsələnin həlli üçün, yaxud da düzgün təhlil aparmaq üçün gərək sən o meylləri düzgün seçəsən. Hələ ki, bu, hansısa bir ciddi fəsada çevrilməyib. Amma əgər bu zərərli meyllərin qarşısı alınmasa, bir gün bunun fəsadı ola bilər. Biz bunu istəmirik, biz sülh istəyirik. Biz müharibə istəmirik, heç vaxt da istəməmişik. Nəyi etmişiksə, Azərbaycan ərazisində etmişik, özü də elə etmişik ki, hər kəs bizim hərbi əməliyyatımıza həsəd apara bilər. Ancaq bu meyli görməmək də mümkün deyil. Ona görə biz bunu görürük, təsbit edirik, xəbərdarlıq edirik. Hərə də bizim xəbərdarlığımızdan, necə deyərlər, öz payını alsın. Bu məsələ ilə bağlı hələlik bu qədər. Çox da dərinə getmək istəmirəm. Yenə də deyirəm, biz xarici işlər nazirlərinin sabahkı görüşünü gözləyirik, görüşün nəticələrini gözləyirik. Ondan sonra hansı addımlar atılacaq, biz onu müəyyən edəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR