AÇG-dən bu il 172 mln. barelədək neft hasil ediləcək

AÇG-dən bu il 172 mln. barelədək neft hasil ediləcək
# 05 yanvar 2021 14:06 (UTC +04:00)

Bu il Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan xam neft hasilatının həcmi 171,6 mln. barel təşkil ediləcək.

"APA-Economics"in məlumatına görə, bu barədə Hesablama Palatasının Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2021-ci il üzrə büdcə layihəsinə verdiyi rəydə deyilir.

"Fond tərəfindən təqdim edilən məlumata əsasən 2021-ci ildə Azəri-Çıraq-Günəşli yatağında xam neft hasilatının həcmi 171,6 mln. barel olması proqnozlaşdırılır ki, bu da hasilatın aşağı düşməsi səbəbindən 2020-ci ilin göstəricisinə nisbətən (174,6 mln. barel) 3 mln. barel azdır", - rəydə bildirilir.

Xatırladaq ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP - 30,37% (operator), AzACG (SOCAR) – 25,00%, MOL – 9,57%, "Inpex" – 9,31%, "Equinor" (keçmiş "Statoil") – 7,27%, "ExxonMobil" – 6,79%, TPAO – 5,73%, "Itochu" – 3,65% və "ONGC Videsh Ltd." (OVL) – 2,31%. Tərəflər arasında razılaşma 30 il müddətinə etibarlı idi (2024-ci ildə başa çatmalı idi). Buna baxmayaraq, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişi imzaladılar. AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR