Azərbaycan ötən il qaz idxalını iki dəfə artırıb

Azərbaycan ötən il qaz idxalını iki dəfə artırıb
# 23 fevral 2023 13:40 (UTC +04:00)

Azərbaycan ötən il 1 016 423,6 min kubmetr həcmində təbii qaz idxal edib, bu da illik müqayisədə 2 dəfə artım deməkdir.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, 2021-ci ildə Azərbaycan 510 564,9 min kubmetr həcmində təbii qaz idxal edib.

Məlumata əsasən, Azərbaycanın ötən il idxal etdiyi qazın dəyəri 130 634,12 min ABŞ dolları təşkil edib, bu da 2021-ci ilin göstəricisi (19 385,42 min dollar) ilə müqayisədə 6,7 dəfə çoxdur.

Azərbaycanın idxal etdiyi qazın böyük hissəsi – 857 066,65 min kubmetr (110 871,38 min dollar) Türkmənistanın, qalan hissəsi isə Rusiya (həcmi - 93 265,8 min kubmetr, dəyəri – 17 254,17 min dollar) və İranın (həcmi – 66 091,19 min kubmetr, dəyəri – 2 508,56 min dollar) payına düşüb.

Xatırladaq ki, Azərbaycan 2022-ci ildən Türkmənistandan İran ərazisi ilə svop (əvəzetmə sxemi üzrə tədarük - red.) əməliyyatları çərçivəsində qazın idxalına başlayıb. Bundan əlavə, ötən il noyabrın 15-də yeni qaz alqı-satqısı müqaviləsi çərçivəsində Rusiya qazının Azərbaycana tədarükü başlayıb. Sənəd "Qazprom Eksport" MMC ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) arasında imzalanıb. Müqavilə 2023-cü ilin mart ayına qədər 1 mlrd. kubmetrədək qaz tədarükünü nəzərdə tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR