BMT Qətnaməsi: Azərbaycanın təşəbbüslərini bütün dünya dəstəkləyir - TƏHLİL

BMT Qətnaməsi: Azərbaycanın təşəbbüslərini bütün dünya dəstəkləyir - TƏHLİL
# 17 dekabr 2021 19:06 (UTC +04:00)

Azərbaycan bir çox müstəvidə olduğu kimi, pandemiyaya qarşı mübarizədə də liderliyini möhkəmləndirir. Artıq beynəlxalq ictimaiyyət Azərbaycan Prezidenti İlham Əliyevin COVİD-19 pandemiyasına, “peyvənd millətçiliyi”nə qarşı qlobal mübarizəsini və təşəbbüslərini dəstəkləyir.

Dekabrın 16-da BMT-nin Baş Assambleyasında Azərbaycan tərəfindən Qoşulmama Hərəkatının adından irəli sürülmüş COVID-19 əleyhinə peyvəndlərə bütün ölkələrin bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi ilə bağlı qətnamə qəbul edilib. Bu, Azərbaycanın mövqeyinin nə dərəcədə güclü olduğunun göstəricisidir.

Pandemiyaya qarşı mübarizədə “Azərbaycan nümunəsi” hər kəsə örnək kimi göstərilir. Bu müstəvidə Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində COVID-19 pandemiyasına qarşı mübarizə naminə beynəlxalq səylərin səfərbər edilməsi sahəsində qlobal liderliyini davam etdirir. Sirr deyil ki, Hərəkat son on illərdə ən qüdrətli çağını məhz Prezident İlham Əliyevin sədrliyi dönəmində keçirir. Hərəkata sədrliyi dövründə Azərbaycanın Qoşulmama Hərəkatı üçün müfəssəl və iddialı qlobal fəaliyyət planı hazırlaması, COVİD-19 pandemiyasının dünyanı bürüməsi, yeni vəziyyətə Azərbaycanın cəld və adekvat reaksiyası, Azərbaycanın pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi istiqamətində irəli sürdüyü beynəlxalq təşəbbüslər Prezident İlham Əliyevin dövlətimizin nüfuzunu yüksəlməsi istiqamətində uğuru kimi səciyyələndirilir.

Pandemiya qarşısında dünya ölkələrinin əksəriyyətinin özünə qapandığı dövrdə Azərbaycan qlobal liderlik rolunu üzərinə götürdü, pandemiyanın öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdən oldu.

2020-ci il fevral ayında ölkədə ilk yoluxma halı qeydə alındıqdan sonra virusun törədə biləcəyi fəsadların qarşısının alınması, virusa yoluxanların vaxtında aşkarlanması, tibbi profilaktik tədbirlərin həyata keçirilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Ölkə başçısının dünyanın COVID-19 pandemiyası ilə üzləşdiyi bir vaxtda problemə çevik münasibəti, qətiyyətli mövqeyi, diqqətəlayiq addımları, risklərin zamanında dəyərləndirilməsinə yönələn uğurlu qərarları, xalqa “Biz birlikdə güclüyük!” sosial çağırışı pandemiyanın yayılmasında sipər oldu, görülən tədbirlər xalq-dövlət birliyinin virusla mübarizədə gücünü bir daha göstərdi. Bu isə hökumət və cəmiyyətin birgə fəaliyyətin olmasından irəli gəlir.

2020-ci ilin 19 mart tarixində Koronavirusla Mübarizəyə Dəstək Fondu dünyada ilk dəfə Azərbaycanda təsis edildi. İlkin olaraq Prezidentin ehtiyat fondundan 20 milyon manata vəsait ayrıldı. Xalqımızın milli həmrəyliyi və dəstəyi ilə fonda 100 milyon manatdan artıq vəsait toplandı. Ölkə Prezidenti və Birinci vitse-prezident Mehriban Əliyeva 1 illik əmək haqlarını fonda ianə etdilər. Pandemiya nəticəsində işsiz qalan vətəndaşlara birdəfəlik yardımlar edildi. Xarici ölkələrdə müvəqqəti yaşayan 15 mindən çox vətəndaşın ölkəyə təxliyəsi təmin olundu. Həmçinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkənin bütün şəhər və rayonlarında yaşayan aztəminatlı, yaşı 65-dən yuxarı tənha və kimsəsiz yaşlılara, əlillərə sosial xidmətlər göstərildi, humanitar aksiyalar, qanvermə aksiyaları həyata keçirildi. Pandemiyanın təsirinə məruz qalan sahibkarlara, işçilərə dəstək məqsədilə büdcədən külli miqdarda vəsait sərf olundu.

Azərbaycan Respublikasında COVID-19 pandemiyasının geniş yayılması və törədə biləcəyi fəsadların qarşısının alınması istiqamətində zəruri tədbirlərin icrasında əhalinin sosial müdafiəsinin gücləndirilməsi əsas məqsəddir. Dövlət başçısının dediyi kimi, həyata keçirilən bütün tədbirlərin əsasında iqtisadi amildən də vacib olan insan faktoru dayanır.

Burada bir məqama da diqqət yetirmək lazım gəlir. Azərbaycan koronavirusla mübarizəni dəstəkləmək məqsədilə 80-ə yaxın ölkəyə yardım edib. Bu kiçik rəqəm deyil. Bakı onu nəzərə alıb ki, bütün ölkələrin koronavirusa qarşı peyvəndə əlçatanlığı bərabər səviyyədə deyil, bütün dünya koronavirusa qarşı hazırda yeganə vasitə olan peyvəndlənməni aparmasa, bu bəlaya qalib gəlmək mümkün olmayacaq.

Noyabrın 28-də Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısı zamanı çıxışında Prezident İlham Əliyev bu məsələ ilə bağlı vurğuladı ki, Azərbaycan pandemiya ilə mübarizə sahəsində qlobal səylərin səfərbər edilməsi üçün mühüm addımlar atır: “Biz “peyvənd millətçiliyi”nin qəti şəkildə əleyhinə olduğumuzu daim vurğulayırıq”.

Azərbaycan ilk gündən “vaksin millətçiliyi”ndən uzaq durmaq, vaksinlərin ədalətli bölünməsinə nail olmaq üçün öz təkliflərini verib. Çünki bir çox inkişaf etməkdə olan ölkədə hələ də vaksinlər əlçatan deyil, Azərbaycan beynəlxalq təşkilatlar səviyyəsində bu mövzuya öz həssaslığını nümayiş etdirir və çox az sayda ölkə bu təşəbbüslə çıxış edir. Azərbaycanın bu təşəbbüsləri beynəlxalq səviyyədə ölkəmizə olan etimadın daha da artmasına xidmət edəcək.

Bəzi ölkələr öz gücündən və nüfuzundan istifadə edərək “vaksin millətçiliyi” prinsipini tətbiq edir və bu da peyvəndin ədalətsiz bölgüsünə gətirib çıxarır.

Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurası və BMT Baş Assambleyasında bütün ölkələr üçün peyvəndlərdən istifadə məqsədilə bərabər imkanların təmin olunmasına dair qətnamələr qəbul edilib.

Çox təqdirəlayiq haldır ki, 171 ölkə Azərbaycanın müəllifi olduğu qətnamənin lehinə səs verib. Birləşmiş Millətlər Təşkilatından sonra ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının hazırkı sədri olaraq, Azərbaycan peyvəndlərin bərabər qaydada paylanmasının tərəfdarı olmaq üçün yalnız mənəvi deyil, rəsmi məsuliyyət daşıyır. Pandemiyanın başlanmasından bəri Azərbaycan bu böhrana qarşı təşkilatda müdrik koordinasiyalı bir yanaşma seçib. 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının koronavirus xəstəliyi - COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyasında Qoşulmama Hərəkatının 120 üzv dövləti adından danışan Prezident İlham Əliyev problemə çoxtərəfli yanaşmanın vacibliyini vurğulayıb və bütün ölkələr üçün COVID-19-a qarşı dərmanlara, peyvəndlərə və tibbi avadanlıqlara bərabər əlçatanlığın təmin olunmasının vacibliyini qeyd edib.

Qoşulmama Hərəkatının 2020-ci ilin may ayında təşkil edilmiş Zirvə toplantısı, 2020-ci ilin dekabr ayında 150-dən artıq dövlətin dəstəyi ilə keçirilmiş BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası, 2021-ci ilin mart ayında Azərbaycanın Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında irəli sürdüyü COVID-19 əleyhinə peyvəndlərə bütün ölkələrin bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi ilə bağlı qətnamənin yekdilliklə qəbul olunması Azərbaycanın qazandığı beynəlxalq uğurdur.

2021-ci il sentyabrın 24-də BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində video müraciət vasitəsilə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyevin bir daha dünyada mövcud olan “peyvənd millətçiliyi”ni qınaması və Azərbaycan tərəfindən BMT Baş Assambleyasında müvafiq qətnamənin irəli sürüləcəyini elan etməsi də məhz ölkə liderinin uğurudur.

Beləliklə, Azərbaycanın bu istiqamətdə daha bir təşəbbüsü BMT səviyyəsində dəstək tapdı. İlham Əliyevin humanitar prinsiplərdən çıxış edərək ədalətsiz bölgüyə qarşı sərt mövqeyi qlobal aləmdə rəğbətlə qarşılandı və Qoşulmama Hərəkatının beynəlxalq müstəvidə daha da güclənməsinə töhfə vermiş oldu. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin daha bir il müddətə - 2023-cü ilə qədər uzadılması (2019-cu ilin oktyabrından sədrdir) Bakının qlobal çağırışlara münasibətdə daha aktiv rol oynayacağına gətirib çıxaracaq. Artıq Azərbaycan lider dövlətdir və Prezident İlham Əliyevin təşəbbüsləri beynəlxalq müstəvidə də dəstəklənir.

APA Analytics

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR