Azərbaycanın konsulları atalığın müəyyənləşdirilməsi və ölümün qeydiyyatını elektron qaydada həyata keçirəcək

Azərbaycanın konsulları atalığın müəyyənləşdirilməsi və ölümün qeydiyyatını elektron qaydada həyata keçirəcək
# 27 dekabr 2021 13:39 (UTC +04:00)

Azərbaycan Respublikasının xarici dövlətlərdəki konsulları doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada dövlət qeydiyyatını həyata keçirəcək.
APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”nə təklif edilən dəyişiklikdə əksini tapıb.
Başqa sözlə, hazırda Azərbaycan Respublikası qanunvericiliyinə əsasən konsul Azərbaycan Respublikası vətəndaşlarının vətəndaşlıq vəziyyəti aktlarını qeydə alır. Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq konsul Azərbaycan Respublikası vətəndaşlarının vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada dövlət qeydiyyatını həyata keçirəcək.
Azərbaycan Respublikasının konsulluqları xarici dövlətlərdə Azərbaycan Respublikasının, onun vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və mənafeyini müdafiə edir. Konsulluqlar Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin konsul şöbələrindən baş konsulluqlardan, konsulluqlardan, vitse-konsulluqlardan və konsul agentliklərindən ibarətdir. Konsulluqlar Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin tabeliyində olaraq Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliyi başçısının ümumi siyasi rəhbərliyi altında fəaliyyət göstərir. Diplomatik nümayəndəliklərin konsul şöbələrinə şöbə müdirləri başçılıq edirlər. Onlar baş konsul və ya konsul adlanırlar. Baş konsulluqlara, konsulluqlara, vitse-konsulluqlara və konsul agentliklərinə müvafiq surətdə baş konsullar, konsullar, vitse-konsullar və konsul agentləri başçılıq edirlər.
Qanun layihəsi üçüncü oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR