Qəbələdə Baş prokurorun iştirakı ilə Heydər Əliyevin 100 illiyinə həsr edilmiş tədbir keçirilib - FOTO

Qəbələdə Baş prokurorun iştirakı ilə Heydər Əliyevin 100 illiyinə həsr edilmiş tədbir keçirilib - FOTO
# 14 iyun 2023 13:39 (UTC +04:00)

Cari ilin “Heydər Əliyev İli” elan edilməsi, müstəqil dövlətimizin qurucusu və memarı Ulu öndər Heydər Əliyevin anadan olmasının yüz illik yubileyinin təntənəli şəkildə qeyd olunması ilə əlaqədar Baş Prokurorluq tərəfindən silsilə tədbirlər həyata keçirilir. Bu tədbirlərin mühüm hissəsi ölkəmizin aparıcı ali təhsil, elm ocaqları, ixtisaslaşmış akademiyaları ilə birgə həm Bakı şəhərində, həmçinin bölgələrdə təşkil edilir. Qeyd olunan tədbirlər çərçivəsində hüquq tətbiqi təcrübəsinə, eləcə də hüquq elminin inkişafına bir platforma kimi öz töhfəsini verən Azərbaycan Respublikasının Baş prokuroru yanında Elmi-Məsləhət Şurasının iyunun 14-də Qəbələ şəhərində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş xüsusi iclası keçirilib.

APA xəbər verir ki, iclasa sədrlik edən Baş prokuror Kamran Əliyev tədbiri açaraq öz çıxışında bildirib ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi və birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı və dəstəyi ilə bölgələrimiz sürətlə inkişaf edir, bölgələrdə yerləşən şəhərlərin iqtisadi, sosial, mədəni və elm-təhsil potensialının gücləndirilməsi üçün olduqca əhəmiyyətli tədbirlər görülür. Məhz bu işlər nəticəsində ölkəmizin dilbər guşələrində müxtəlif, o cümlədən beynəlxalq səviyyəli mötəbər tədbirlərin keçirilməsi mümkün olur. Əlbəttə ki, belə şərait bütün sahələr kimi, elm və təhsilin inkişafına da öz töhfəsini verir.

Baş prokuror Kamran Əliyev daha sonra öz çıxışında Heydər Əliyevin ölkəmizin mövcudluğunda xilaskar rolu və əhəmiyyəti haqqında söhbət açıb, Ümummilli liderin dərin zəkası və zəngin dövlət idarəçiliyi təcrübəsinə uyğun olaraq ölkədə həyata keçirdiyi dövlət quruculuğu işləri və hüquq siyasəti barədə iclas iştirakçılarını məlumatlandırıb.

Xüsusi olaraq vurğulanıb ki, Ulu öndər Heydər Əliyevin müasir Azərbaycan Prokurorluğunun formalaşmasında rolu və əhəmiyyəti əvəzolunmazdır. Məhz Heydər Əliyevin təşəbbüsü ilə Konstitusiyaya prokurorluğun fəaliyyətini tənzimləyən ayrıca 133-cü maddə daxil edilməklə, prokurorluq orqanlarının dövlət təsisatları sırasında və ümumilikdə cəmiyyətimizdə olan yeri müəyyənləşdirilərək dövlət səviyyəsində göstərilən hərtərəfli dəstək və qayğı nümayiş etdirilib.

Onun tövsiyə və tapşırıqlarına uyğun olaraq, prokurorluğa qanunvericilik təşəbbüsü hüququ verilmiş, bu qurumun fəaliyyəti ilə bağlı beynəlxalq, demokratik və sivil standartları əks etdirən qanunvericilik aktları hazırlanaraq qəbul edilmiş, yeni nəsil kadr siyasətinin, müsabiqə yolu ilə işə qəbulun istiqamətləri müəyyən olunmuş, prokurorluğun gələcək intellektual bazasının yaradılması üçün işə qəbul qaydaları dəyişdirilmiş, prokurorluq işçilərinin maddi-texniki təminatının yaxşılaşdırılması istiqamətində diqqət və qayğı artılırılmaqla, peşə bayramı günü təsis edilib.

Baş prokuror Kamran Əliyev vurğulayıb ki, Ümummilli liderin dərin zəkası və dövlət idarəçiliyi təcrübəsinə uyğun olaraq, əsrlərin sınağından keçmiş hakimiyyətlərin bölgüsü prinsipi dövlət idarəetməsində reallaşdırılmaqla, ölkəmizin müasir qanunverici, icra və məhkəmə hakimiyyəti qolları formalaşdırılıb.

Bildirilib ki, Ulu öndərin müəllifi olduğu Konstitusiyamızın üçdə birinin sırf insan hüquq və azadlıqları ilə bağlı olması, bununla kifayətlənməyərək bu hüquqları gözləməyi və qorumağı qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının başlıca vəzifəsi, eləcə də insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi olması bəyan etməsi məhz bunun təzahürü idi.

Nəzərə çatdırılıb ki, ölüm hökmünün ləğvi, 32 fərmanla 3100-dən artıq məhkumun əfv edilməsi, Ulu Öndərin təşəbbüsləri ilə qəbul edilmiş 8 amnistiya haqqında qanunlarla 21 mindən artıq məhkumun azadlığa buraxılması, bu amnistiya aktlarının 77 mindən artıq məhkuma şamil edilməsi humanizm prinsipinin təntənəsi idi.

İclasda fəxri qonaq kimi iştirak edən Qəbələ rayon İcra hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış edərək, Ulu öndər Heydər Əliyevin Qəbələ rayonuna qayğısı, rayonun sosial-iqtisadi inkişafı, elm-təhsil, mədəni, turizm potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən müstəsna əhəmiyyətli işlər barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Daha sonra iclasda Azərbaycan Respublikası Milli Məclisinin deputatı Nizami Səfərov “Ümummilli Lider Heydər Əliyevin hüquqi islahatlar strategiyası və beynəlxalq hüquq sisteminə inteqrasiya”, “Konstitusiya” Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev “Qurtuluş məfkurəsi: Azərbaycan dövlətçiliyinin yeni tarixi mərhələsi”, Prokurorluğun veteranı Mircavan Kazımov “Müasir prokurorluğun inkişafında Heydər Əliyevin irsi” mövzularında çıxış ediblər.

Baş prokurorun müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov jurnalistlərə açıqlamasında deyib ki, bu tədbirlərin keçirilməsi bundan sonra da davam edəcək. Heydər Məmmədov bildirib ki, Qəbələ rayon prokurorluğunun inzibati binasının istifadəyə verilməsi çox əlamətdar bir dövrə - müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə, eyni zamanda 15 iyun - Milli Qurtuluş günü ərəfəsinə təsadüf edir. Binanın açılışı Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın müstəsna qayğısı ilə ərsəyə gəlib

Binanın texniki xarakteristikası ilə bağlı Baş prokurorun müavini bildirib ki, 2 mərtəbəli yeni inzibati bina müasir arxitektura stilistikasında inşa edilib. Ən müasir texnika və informasiya kommunikasiya sistemləri ilə təchiz olunub.

Belə ki, prokurorluğun bütün fəaliyyət istiqamətlərini bir vahid elektron platformada birləşdirən “Elektron Prokurorluq” İnformasiya Sisteminin quraşdırılması təmin edilib, bunun üçün bina ən müasir rəqəmsal avadanlıqlar, kommunikasiya sistemləri, ip telefoniya qurğuları və digər texniki chazlarla ilə təchiz olunub. Eyni zamanda vətəndaşların məmnunluğunun təmin olunması istiqamətində, ələlxüsus da qəbul və elektron müraciətlər üçün bütün imkanlar yaradılmışdır. Bundan əlavə əməkdaşların səmərəli fəaliyyəti üçün konfrans zalı, elektron kitabxana, kriminalstik avadanlıqlarla təmin olunmuş kriminalistika otağı, istintaq hərəkətlərinin aparılması üçün “vizual tanıma istintaq otağı” və digər guşələr, hətta idman zalı da istifadəyə verilib.

İlham Əhmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR