Xidmət rəisi: Cəbrayıla buraxılan ceyranların monitorinqi davam edir

Xidmət rəisi: Cəbrayıla buraxılan ceyranların monitorinqi davam edir
# 03 fevral 2023 16:41 (UTC +04:00)

“Keçən ilin oktyabrında cənab Prezidentin iştirakı ilə Cəbrayıl ərazisində 33 baş ceyranın təbiətə buraxılması prosesi olub. Onların monitorinqi hazırda davam edir”.

APA xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib. Onun sözlərinə görə, sonuncu dəfə monitorinq edən əməkdaşlar ceyranları Füzulinin Alxanbəyli kəndində müşahidə ediblər:

“Hazırda həmin ərazidə monitorinqlər davam edir. Bu, çox müsbət haldır və Cəbrayıl ərazisindəki ceyranların digər ərazilərdə də müşahidə olunmağı onların əraziyə uyğunlaşmağını göstərir”.

Xidmət rəisi deyib ki, bu cür müsbət addımların atılmasına baxmayaraq, təəssüf ki, bəzən brakonyerlik hallarına da rast gəlinir:

“Buna misal olaraq Ağgöl və Qızılağac milli parklarını göstərmək olar. Çox təəssüf ki, milli parkın ərazisində ov etmək qadağan olmasına baxmayaraq, son dövrlərdə bu kimi neqativ hallara rast gəlirik. Neqativ halların qarşısının almaq qismində həm Daxili İşlər Nazirliyinin, xüsusilə Su Polisi İdarəsinin əməkdaşları ilə birlikdə Ağgöl və Qızılağac milli parklarında gücləndirilmiş rejim tətbiq olunur. Bu rejim çərçivəsində əlavə stasionar postların quraşdırılması, əlavə heyətin əraziyə cəlb olunması, müəyyən maneələrin yaradılması, xəbərdarlıqedici lövhələrinin quraşdırılması kimi tədbirlər davam edir. Bu kimi hallarda həmin vətəndaşlara qanunvericilik çərçivəsində ciddi tədbirlər həyata keçirilir. İki həftə əvvəl qanunsuz olaraq çöl donuzunun övlanması faktı aşkarlanıb. Bununla bağlı da tədbirlər həyata keçirilib. Vətəndaşları belə əməllərdən çəkinməyə səsləyirəm. Təbiət üçün müsbət addım atırıqsa, belə brakonyerlik hallarının bunu kölgədə saxlamağını istəmərik”.

Firuddin Əliyev həmçinin qeyd edib ki, 2022-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bir sıra reintraduksiya tədbirləri həyata keçirilib:

“Bu layihələr 2023-cü ildə də davam edəcək. Ceyranların, həmçinin bezuar keçilərinin, köfkər və bizonların reintraduksiyası həyata keçirilib. Bu layihənin 2023-cü ildə də davamı nəzərdə tutulub. Həmçinin “Qırmızı Kitab” növü olan nəcib maralların da öz tarixi areallarında reintraduksiyasına dair bir sıra tədbirlər həyata keçirilməkdədir. Reintraduksiya olunan ceyranlarla bağlı ümumi say 350 başı keçib. Həmçinin bizonların öz arealı olan Şahdağın İsmayıllı bölməsində də bu tipli layihələr davam etməkdədir. Bizim tərəfimizdən bu cür layihələlərin həyata keçirilməsi IDEA ictimai birliyi, həmçinin Vəhşi Təbiəti Müdafiə Fondu ilə birgə atılır”.

Aləmdə Nəsib

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR