Notariat sahəsində həyata keçirilən islahatlar və problemlər müzakirə olunub

Notariat sahəsində həyata keçirilən islahatlar və problemlər müzakirə olunub
# 26 aprel 2012 15:35 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. “Şəffaflıq Azərbaycan” təşkilatı notariat sahəsində həyata keçirilən islahatlar və problemləri müzakirə etmək məqsədilə dəyirmi masa keçirib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi Notariat İdarəsinin rəisi Mehman Soltanov 2000-ci ildə Azərbaycanda notariat kontorları ilə bağlı qanun qəbul olunduğunu xatırladıb: “Hazırda notariat kontorları həmin qanun əsasında fəaliyyət göstərirlər. Bu gün Azərbaycanda 151 notariat kontoru mövcuddur. 2010-cu ildən xüsusi qaydada notariat kontorlarının fəaliyyətinə başlanılıb. İki il ərzində Azərbaycanda xüsusi qaydada fəaliyyət göstərən notariat kontorunun sayı 49-a çatıb”.

M. Soltanov vətəndaşlara daha yaxşı xidmət göstərmək üçün Ədliyyə Nazirliyi tərəfindən mütəmadi olaraq tədbirlərin həyata keçirildiyini deyib: “Vətəndaşların notarius əməliyyatlarının həyata keçirilməsi haqqında, xidmət üçün ödənilməli olan rüsum haqqında məlumat almaları üçün 98 notariat kontorunda elektron xidmət köşkləri quraşdırılıb. Həmin köşklərə çox sadə proqram yüklənib ki, hər kəs ondan istifadə edə bilsin. Lakin notariat kontorlarının fəaliyyətində bəzi problemlər var. Bunlardan biri ondan ibarətdir ki, bəzən gizli aparılmalı olan əməliyyatlar zamanı vətəndaş içəri daxil olaraq əməliyyata mane olur, yaxud vaxt tələb edən əməliyyatların tez həyata keçilməsini notariusdan xahiş edirlər. Bunun üçün də biz kontorlarda növbətçilik sistemi tətbiq etməyi düşünürük”.

Tədbirdə Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi Notariat İdarəsinin baş məsləhətçisi Vidadi Mayıl “Azərbaycanda notariatın inkişafı, xüsusi notariatın tətbiqi” mövzusunda çıxış edib. Bakı şəhərinin xüsusi notariusu Kənan Rəhmanov isə “Xüsusi qaydada notariat fəaliyyətinin praktiki məsələləri” barədə danışıb. O, notariat kontorlarının maddi-texniki bazasının yaxşılaşdırılmasına və işçilərin sayının artırılmasına ehtiyac olduğunu bildirib.

“Şəffaflıq Azərbaycan” təşkilatının icraçı direktoru Rəna Səfərəliyeva isə “Notariat xidmətinin inkişafına dair ümumi tövsiyələr”lə çıxış edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR