Dövlət proqramlarına dair əsas tələblər müəyyənləşib

Dövlət proqramlarına dair əsas tələblər müəyyənləşib
  • Clock-gray 14:48
  • calendar-gray 06 Mart 2021

Dövlət proqramı Azərbaycanın sosial-iqtisadi inkişafı sahəsində dövlət siyasətinin prioritetlərinə və məqsədlərinə nail olunmasını təmin edən, vəzifələrinə, icra müddətlərinə, icraçılarına və resurslarına görə bir-biri ilə qarşılıqlı şəkildə uyğunlaşdırılmış tədbirlər kompleksindən ibarət və dövlət siyasətinin alətlərini özündə birləşdirən strateji planlaşdırma sənədidir.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası”nda əksini tapıb.

Sənədə əsasən, dövlət orqanlarının, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlətin adından yaradılan publik hüquqi şəxslərin (dövlət orqanı (qurumu) birbaşa səlahiyyətlərinə aid edilən vəzifələr dövlət proqramında tədbir kimi müəyyənləşdirilə bilməz.

Bu Qayda dövlət investisiya proqramlarının, həmçinin dövlətin təhlükəsizliyi baxımından dövlət sirri hesab edilən proqramların tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi fəaliyyətinə şamil edilmir.

Dövlət proqramının tərtibi ölkənin sosial-iqtisadi inkişafının əsas istiqamətləri və prioritetləri, bu Qaydanın tələbləri nəzərə alınmaqla, habelə aidiyyəti dövlət orqanlarının (qurumlarının) öz strateji planlarına uyğun olaraq texniki-iqtisadi cəhətdən əsaslandırılmış təklifləri əsasında müvafiq dövlət proqramının layihəsinin hazırlanması prosesini nəzərdə tutur. Dövlət proqramının layihəsinin hazırlanması zamanı müvafiq sahələrdə həyata keçirilən ölkə əhəmiyyətli layihələrin məqsəd və vəzifələri, eləcə də proqramın tətbiqinin digər sahələrə olan təsiri nəzərə alınır. Dövlət proqramının layihəsi hazırlanan zaman aidiyyəti dövlət orqanları (qurumları) ilə məsləhətləşmələr aparılmalı, habelə “İctimai iştirakçılıq haqqında” qanuna uyğun olaraq dövlət proqramının ictimai dinləmə və müzakirələrin aparılması təmin edilməlidir.

Dövlət proqramının strukturu aşağıdakı bölmələrdən ibarət olmalıdır:

- qısa xülasə – dövlət proqramında qeyd edilmiş mühüm məsələlərin icmalının təsviri;

- qlobal trendlər – dövlət proqramının aid olduğu sahə üzrə müşahidə edilən başlıca istiqamətlər, bu sahədə gözlənilən əsaslı dəyişikliklər və onların Azərbaycan Respublikasına potensial təsirlərinin təsviri;

- mövcud vəziyyətin təhlili – dövlət proqramının əhatə edildiyi sahə üzrə ölkəmizdə mövcud vəziyyət və görülmüş işlərlə bağlı qısa məlumat, proqramın hazırlanmasını zəruri edən məsələlərin, bu istiqamətdə aparılmış təhlillərin və əldə edilmiş nəticələrin ümumiləşdirilmiş təsviri;

- hədəf göstəricilər – dövlət proqramının əhatə etdiyi dövr üzrə nail olunması əsas kimi müəyyənləşdirilmiş göstəricilər;

- məqsədlər – dövlət proqramı üzrə müəyyənləşdirilən hədəf göstəricilərə nail olunması üçün qarşıya qoyulmuş hədəflərin təsviri;

- prioritet istiqamətlər – məqsədlərin reallaşdırılması üzrə həyata keçiriləcək konkret tədbirlərin, əldə ediləcək nəticələrin, tələb olunan resursların təsviri;

-  maliyyələşdirmə mexanizmləri – dövlət proqramı üzrə müəyyən edilmiş məqsədlərə nail olmaq üçün müəyyənləşdirilmiş vəsaitin həcminin və həmin vəsaitin təmin edilmə mənbələrinin təsviri;

- tədbirlər planı – dövlət proqramı üzrə müəyyən olunan hər bir tədbir üzrə icraçıların (əsas və digər icraçıların) və icra müddətlərinin, habelə hər bir prioritet istiqamət üzrə gözlənilən nəticə və nəticə indikatorlarının qeyd olunduğu planın təsviri.

Dövlət proqramının layihəsini hazırlayan dövlət orqanı (qurumu) dövlət proqramının layihəsini “Normativ hüquqi aktlar haqqında” qanunun və Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin tələblərini nəzərə almaqla hazırlayır və Nazirlər Kabinetinə təqdim edir. Dövlət proqramının layihəsinə Nazirlər Kabineti tərəfindən baxılır və təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir. Dövlət proqramı, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin hüquqi aktları ilə təsdiq edilir.

apa-logo-mini

Digər xəbərlər