“Mirvari Park” özünü 17-ci mərtəbədən atmaq istəyən şəxslə bağlı yayılan videoya dair açıqlama verib

“Mirvari Park” özünü 17-ci mərtəbədən atmaq istəyən şəxslə bağlı yayılan videoya dair açıqlama verib
# 04 iyul 2020 17:25 (UTC +04:00)

“Mirvari Park” özünü 17-ci mərtəbədən atmaq istəyən şəxslə bağlı yayılan videoya dair açıqlama verib.

Həmin şəxs avtomobilinin kompleksin qarajına buraxılmaması səbəbindən belə addım atmağa qərar verib. Sonradan onu intihardan çəkindirmək mümkün olub.

Açıqlamada qeyd olunur ki, iyulun 1-dən etibarən kompleksin yeraltı qarajında ​​dayanacaq yerləri satışa çıxarılıb: “Sakinlərə bu barədə 3 ay əvvəldən məlumat verilib. Özünü balkondan atmaqla hədələyən həmin şəxs sərxoş vəziyyətdə qaraja daxil olmağa cəhd göstərsə də buraxılmayıb, çünki o, həmin qarajda dayanacaq yeri almayıb. Bundan sonra həmin şəxs özünü 17-ci mərtəbədən atacağı ilə kompleksinin işçilərini hədələməyə başlayıb və kompleksin rəhbərliyinin gəlməsini tələb edib. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşları onun nə istədiyini aydınlaşdıranda məlum olub ki, həmin şəxs qarajda daha 15 günlük dayanacaq yeri istəyir. Şəxsin bu istəyinə razılıq verilib. Buna görə belə şou düzəltməyə dəyərmi?”.

Açıqlamada daha sonra qeyd olunub ki, həmin şəxs çox sərxoş olub: “Hadisə yerinə gələn dövlət qurumlarının əməkdaşları bunu qeydə aldılar. Hətta polis tərəfindən həmin şəxsə saxta zəng üçün raport da yazıldı. O ki qaldı, dayanacaq yerləri ilə bağlı məsələyə, artıq yeddinci ildir ki, kompleksin dayanacaq yerləri icarəyə verilir. Daha sonra dayanacaq yerlərinin kredit şərtləri ilə satışı qərara alındı. “Mirvari Park”ın qarajı iki mərtəbədən ibarətdir. Hələlik üst mərtəbədəki dayanacaq yerləri satışa çıxarılıb və artıq yerlərin yarısı satılıb. Bu şəxs heç bir yer almaq istəmir və buna görə belə əsassız ssenariyə müraciət edib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR