Turizm Reyestrinin aparılma qaydası müəyyənləşib

Turizm Reyestrinin aparılma qaydası müəyyənləşib
# 25 yanvar 2020 19:31 (UTC +04:00)

Nazirlər Kabineti “Turizm Reyestrinin aparılma Qaydası”nı təsdiqləyib.

APA-nın məlumatına görə, turizm reyestri turizm ehtiyatları, o cümlədən turizm nümayiş obyektləri, turizm məhsulları və turizm sənayesinin subyektləri haqqında məlumat bazasını, turizm sahəsində statistik məlumatları və onların monitorinqlərinin nəticələrini özündə əks etdirən elektron dövlət informasiya ehtiyatı, turizm ehtiyatları səfər edilən ölkənin (yerin) təbii, mədəni, tarixi, sağlamlaşdırma obyektləri və turistlərin ayrı-ayrılıqda və ya kompleks halında tələb və ehtiyaclarını təmin edə bilən, onların fiziki və mənəvi qüvvələrinin bərpası və inkişafına kömək edə bilən digər obyektlər məcmusudur.

Turizm nümayiş obyektləri səfər edilən yerin təbii, mədəni, tarixi və turizm əhəmiyyətli digər obyektləri, turizm məhsulu turistlərə göstərilən xidmətlər kompleksi (turistlərin yerləşdirilməsi, daşınması, qidalanması üzrə xidmətlər kompleksi, ekskursiya, həmçinin bələdçi (bələdçitərcüməçi) xidmətləri və səfərin məqsədlərindən asılı olaraq göstərilən digər xidmətlər), turizm sənayesinin subyektləri səyahətin məqsədindən asılı olaraq turistlərə göstərilən yerləşdirmə, nəqliyyat (nəqliyyat vasitələrinin turistlərə kirayəyə verilməsi daxil olmaqla), turagent, turoperator, turizm bələdçisi, ictimai iaşə (qidalanma), əyləncə, idman-sağlamlıq, mədəni, işgüzar tədbirlərin təşkilini və turistlərin tələb və ehtiyaclarının ödənilməsini təmin edən digər turizm xidmətləri göstərən hüquqi və fiziki şəxslər, habelə turizm-təbliğat fəaliyyətini həyata keçirən, turizm təhsili və təlimi xidmətləri göstərən hüquqi şəxslər, turizm sənaye assosiasiyalarıdır. Turoperator turların komplektləşdirilməsi, turizm məhsulunun formalaşdırılması, hərəkətə gətirilməsi və satışı ilə məşğul olan turizm təşkilatı, turagent turoperator tərəfindən turların satışı, turizm məhsulunun hərəkətə gətirilməsi və satışı üzrə vasitəçilik fəaliyyəti göstərən hüquqi və ya fiziki şəxsdir. Məsuliyyətli ekoturizm obyektləri təbiətə minimum təsir, ekoloji sistemin bütövlüyünün qorunması və yerli əhalinin həyat tərzinin yaxşılaşdırılması prinsipləri əsasında turistlərin səyahət edilən yerin təbiəti, bioloji və mədəni müxtəlifliyi ilə tanışlığı məqsədilə turizm xidmətlərinin təşkil edildiyi obyektlərdir. İşgüzar turizm subyekti işgüzar tədbirlərin (görüşlər, korporativ tədbirlər, konqreslər, sərgilər) təşkilini həyata keçirən hüquqi şəxslərdir.

Reyestr turizm sənayesinə dair məlumatların vahid mənbədə toplanılması, emalı, axtarışı, təhlili və ötürülməsi, turizm məhsullarının və xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə aparılır. Reyestr turizm sənayesinin subyektləri barədə məlumatların toplanılmasını, saxlanılmasını, istifadəsini və daxil edilən məlumatların dəqiqliyini, tamlığını və etibarlılığını, həmin məlumatlar əsasında turizm sənayesinin subyektlərinin reytinq cədvəllərinin formalaşdırılmasını, istifadəçilər tərəfindən Azərbaycan Respublikasının normativ hüquqi aktlarına əsasən açıq hesab edilən məlumatların əldə edilməsini, turizm sahəsində elektron xidmətlərin göstərilməsini, məlumatlandırma və maarifləndirmə işlərinin həyata keçirilməsini təmin edir. Reyestr elektron formada aparılır. Reyestrin saxlanılması, fəaliyyəti və inkişafı üzrə xərclər dövlət büdcəsində Dövlət Turizm Agentliyi üçün nəzərdə tutulan müvafiq vəsait və qanunvericiliklə qadağan edilməyən digər mənbələr hesabına maliyyələşdirilir. Reyestrin formalaşdırılmasına və aparılmasına dair bu Qayda ilə tənzimlənməyən digər məsələlər, o cümlədən Reyestrin Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə digər dövlət informasiya ehtiyatlarına və sistemlərinə inteqrasiyası Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na (“Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”) uyğun tənzimlənir.

Reyestrin infrastrukturu texniki-texnoloji və funksional baxımdan aşağıdakı əsas komponentlərdən ibarətdir:

- proqram-texniki vasitələr;

- telekommunikasiya kanalları;

- informasiya ehtiyatı və onun idarəetmə paneli;

- əsas və ehtiyat mərkəzlər;

- informasiya ehtiyatının arxiv mərkəzi;

- axtarış modulu;

- statistika modulu.

Proqram-texniki vasitələr Reyestrin aparılmasını, elektron xidmətlərin və informasiya mübadiləsinin həyata keçirilməsini, istifadəçilərin Reyestrdən istifadəsini, Reyestrin fəaliyyətinin etibarlılığını, təhlükəsizliyini və məlumatların mühafizəsini təmin edir. Telekommunikasiya kanalları Reyestrin fəaliyyətinin etibarlılığı və təhlükəsizliyini, operativ və keyfiyyətli elektron xidmətlərin göstərilməsini, habelə məlumat mübadiləsini təmin edən dayanıqlı, mühafizəli, yüksək ötürücülü fiber-optik əsas və digər ehtiyat telekommunikasiya xətlərinə malikdir.Reyestrin idarəetmə paneli onun informasiya ehtiyatının formalaşdırılmasını, idarə olunmasını və istifadəsini təmin edir. Reyestrin fəaliyyətinin dayanıqlılığını və təhlükəsizliyini təmin etmək məqsədilə onun ehtiyat mərkəzi yaradılır və proqramtexniki vasitələrin nüsxələri bu mərkəzdə saxlanılır.

Reyestrin strukturu aşağıdakılardan ibarətdir:

- turizm ehtiyatları;

- turizm məhsulları;

- turizm sənayesinin subyektləri:

- yerləşmə vasitələri;

- turoperator və turagentlər;

- turizm bələdçiləri;

- aqroturizm obyektləri;

- məsuliyyətli ekoturizm obyektləri;

- çimərlik operatorları;

- özündə bir neçə fəaliyyət sahəsini birləşdirən qarışıq tipli turizm obyektləri;

- işgüzar turizm subyektləri;

- ictimai iaşə obyektləri;

- turizm nəqliyyat fəaliyyəti ilə məşğul olan şəxslər;

- əyləncə obyektləri;

- turizm təhsili və təlimi xidmətləri göstərən hüquqi şəxslər;

- “Azərbaycan Turizm Bürosu” publik hüquqi şəxs, onun filial və nümayəndəlikləri;

- turizm sənaye assosiasiyaları;

- sənətkarlar;

-turizm təqvimləri;

- turizm sahəsində statistik məlumatlar;

- turizm sahəsində aparılmış monitorinqlərin nəticələri:

- turizm sənayesi subyektləri tərəfindən bu Qaydaya uyğun olaraq Reyestrə daxil edilmiş məlumatların monitorinqinə dair Agentliyin qeydləri;

- turizm sənayesi subyektləri tərəfindən Reyestrə daxil edilmiş məlumatların əsasında

sistem tərəfindən formalaşdırılan reytinq cədvəlləri.

Reyestrə turizm ehtiyatları və turizm məhsulları barədə aşağıdakı məlumatlar daxil edilir:

- turizm ehtiyatının növü, adı, ünvanı və ya yerləşdiyi ərazi, xarakterik xüsusiyyətləri, əlaqə vasitələri;

-t urizm məhsulunun növü, xarakterik xüsusiyyətləri və əldə edilmə üsulları.

Reyestrə turizm sənayesinin subyektləri barədə aşağıdakı məlumatlar daxil edilir:

- ümumi məlumatlar: obyektin adı, ünvanı və ya yerləşdiyi ərazi, şəkil, əlaqə vasitələri, il ərzində fəaliyyət göstərdiyi müddət, iş vaxtı, rəhbərin adı, soyadı və ata adı, hüquqi şəxsin adı və dövlət qeydiyyatına alındığı tarix, filial və nümayəndəliyi barədə məlumat, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), ödəniş üsulları, işçilərin sayı və təlim ehtiyacları, yaratdıqları turizm məhsulları barədə və turizm sənaye assosiasiyalarına üzvlük barədə;

Ayrıca daxil edilməli olan məlumatlar:

- yerləşmə vasitələri üzrə: ulduz kateqoriyası, otaqların sayı, (ər bir təsnifat üzrə), yataqların sayı;

- turoperator və turagentlər üzrə: Mülki Məcəlləyə uyğun olaraq öhdəliklərinin icrasını təmin etmək məqsədilə mülki məsuliyyət sığortası barədə məlumat (olduğu halda), fəaliyyət növü, fəaliyyət istiqaməti, turistlərin (alıcıların) turoperator və ya turagent tərəfindən göstərilən turizm xidmətlərinə dair şikayətlərinin idarə edilməsi, turistlərlə (alıcılarla) bağlanılmış müqavilələrin ləğvi və kompensasiya siyasəti;

- turizm bələdçiləri üzrə: ad, soyad, ata adı, doğulduğu tarix və yer, dil bilgiləri, bələdçilik etdiyi region və mövzu, təhsili, müvafiq sahə üzrə təhsilini və ya təlim (ixtisasartırma) proqramını bitirməsini təsdiq edən sənəd (olduğu halda), ilkin tibbi yardımın göstərilməsi üzrə təlimdə iştirakını təsdiq edən sənəd (olduğu halda), sahə üzrə iş stajı, əməkdaşlıq etdiyi turagentlərin adları və əlaqə vasitələri barədə;

- aqroturizm obyektləri üzrə: ixtisaslaşdığı kənd təsərrüfatı sahəsi, turistlərə göstərilən xidmətlər;

- məsuliyyətli ekoturizm obyektləri üzrə: turistlərə göstərilən xidmətlər;

- çimərlik operatorları üzrə: çimərlikdə göstərilən əlavə xidmətlər;

- özündə bir neçə fəaliyyət sahəsini birləşdirən qarışıq tipli turizm obyektləri üzrə: fəaliyyət göstərdiyi sahələr və hər bir sahə üzrə bu Qayda ilə müəyyən edilmiş məlumatlar;

- işgüzar turizm subyektləri üzrə: təşkil edilən tədbir növləri;

- ictimai iaşə obyektləri üzrə: qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reyestrindən çıxarış, ixtisaslaşdığı kulinariya sahəsi, menyu, obyektin sahəsi və oturacaqların sayı;

- turizm nəqliyyat fəaliyyəti ilə məşğul olan şəxslər üzrə: nəqliyyat vasitələrinin və hər bir nəqliyyat vasitəsi üzrə oturacaqların sayı, sürücülərin sayı və dil bilgisi, xidmət göstərdikləri şəhərlər (rayonlar);

- əyləncə obyektləri üzrə: əyləncə xidmətlərinin növləri;

- turizm təhsili və təlimi xidmətləri göstərən hüquqi şəxslər üzrə: ixtisaslar, proqramlar (beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları ayrıca göstərilməklə) və müddəti, təlimçi sayı, illər (aylar) üzrə məzun (iştirakçı) sayı;

- “Azərbaycan Turizm Bürosu” publik hüquqi şəxs, onun filial və nümayəndəlikləri üzrə: əhatə olunan regionlar, təklif edilən xidmətlər, turizm informasiya məntəqələri haqqında məlumat;

- turizm sənaye assosiasiyaları üzrə: fəaliyyət növü və üzvlərin sayı, göstərdiyi xidmətlər;

- sənətkarlar üzrə: məşğul olduğu sənətkarlıq sahəsi, müvafiq sahə üzrə təhsil və ya təlim (ixtisasartırma) proqramını bitirməsini təsdiq edən sənəd (olduğu halda), sahə üzrə iş stajı, istehsal etdiyi sənətkarlıq nümunələrinin fotoşəkilləri.

Reyestrin fəaliyyətinin təşkilini, idarə olunmasını və inkişafını Reyestrin operatoru olan Agentlik təmin edir. Reyestrdən istifadə və Reyestrdən məlumatların əldə edilməsi ödənişsizdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR