Argentinalı diplomat: “Azərbaycanla əlaqələrin vəziyyətindən məmnunuq"

Argentinanın Azərbaycandakı müvəqqəti işlər vəkili Jose Quintana

© APA | Argentinanın Azərbaycandakı müvəqqəti işlər vəkili Jose Quintana

# 26 may 2022 12:39 (UTC +04:00)

Bakıda Argentinanın Milli Günü qeyd olunub.

Bu barədə APA-ya Argentinanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Milli Günə həsr olunmuş tədbirdə çıxış edən Argentinanın Azərbaycandakı müvəqqəti işlər vəkili, Jose Quintana bildirib ki, 1816-cı ildə onun ölkəsi öz müstəqilliyini elan edib.

“COVID-19 səbəbi ilə yaranmış iki illik fasilədən sonra, kiçik formatda olsa belə, Argentinanın Milli Gününün qeyd edilməsi bizi yenidən bir araya gətirir və Azərbaycanla əlaqələrimizi daha da gücləndirməyə təşviq edir.

Bu zaman kəsiyində də Argentina və Azərbaycan əməkdaşlıq imkanlarını daha da genişləndirmək və möhkəmləndirmək üçün birgə çalışmışdır.

Biz qarşılıqlı əlaqələrin hazırkı vəziyyətindən məmnunuq və hər iki ölkə arasında böyük potensialın olduğuna dərindən inanırıq. İmkanlar çoxşaxəlidir və bütün çətinliklərə baxmayaraq, sosial əlaqə hər zaman saxlanacaq”, - diplomat qeyd edib.

O, Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovun bu yaxınlarda Argentinaya baş tutmuş səfərini xatırladaraq əlavə edib ki, bu səfər hər iki ölkənin bir-birinə artan marağından xəbər verir: “Qeyd etdiyim kimi, COVID-19 pandemiyası səbəbi ilə yaranan çətinliklərə baxmayaraq, mədəni, siyasi və ticari əlaqələr müvəffəqiyyətlə davam etdirilib. Xüsusilə ticarət sahəsində ikitərəfli irəliləyiş əldə olunub.

Biz inanırıq ki, ticarət sahəsində qarşımızda olduqca geniş imkanlar uzanır. Əlaqələrimizi zənginləşdirmək məqsədilə, yaxın zamanlarda həyata keçiriləcək bir sıra əməkdaşlıq layihələri üzərində çalışırıq.

Bakıya gəlişimdən bir il yarım vaxt ötüb və bu zaman ərzində Azərbaycan xalqının qonaqpərvərliyi və mehribanlığının şahidi oldum. Argentina ilə uzun coğrafi məsafəyə baxmayaraq, əminliklə deyə bilərəm ki, özümü evimdəki kimi hiss edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR