“Tarixin bütün sınaqlarından uğurla çıxan Türkiyə və qardaş türk xalqı bu dəfə də sınaqdan uğurla çıxdı. Mayın 14-də Türkiyə dövləti və xalqı dünyaya demokratiya dərsi keçdi”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Vüqar İskəndərov qeyd edib ki, bu il 100 yaşını qeyd edən Türkiyə Cümhuriyyəti yüksək səviyyədə baş tutmuş Prezident və Parlament seçkiləri üçün bir örnək oldu: “Türk xalqı bir tərəfdən dünyaya demokratiya dərsi keçdisə, digər tərəfdən də 21 illik Ərdoğan iqtidarına dəstəyini nümayiş etdirdi. Yəni, mayın 14-də hakim komandanın xalqın böyük əksəriyyətinin etimadını qazanması mövcud siyasi elitaya Türkiyə cəmiyyətinin etimadının göstəricisidir. Ortada olan nəticələr onu deməyə əsas verir ki, xalqı öz siyasi liderinə növbəti dəfə etimad göstərdi və ekspertlərin böyük əksəriyyətinin fikrincə, seçkilər ikinci tura qalarsa belə Ərdoğanın parlaq qələbəsi qaçılmazdır”.
Deputat deyib ki, dünyanın siyasi liderləri arasında ilk olaraq Azərbaycan Prezidentinin türkiyəli həmkarını və Cümhur İttifaqını ən çox səs toplaması münasibəti ilə təbrik etməsi iki xalqın sarsılmaz və səmimi qardaşlıq münasibətlərinin təzahürüdür.