Elmar Məmmədyarov: “Azərbaycanda idmana böyük diqqət yetirilir”

Elmar Məmmədyarov: “Azərbaycanda idmana böyük diqqət yetirilir”
# 12 may 2020 14:50 (UTC +04:00)

“Hazırkı gündəlik beynəlxalq gənclər əməkdaşlığı kimi humanitar əməkdaşlığın, eləcə də bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığın inkişafı kimi aktual məsələlərin müzakirəsini nəzərdə tutur”.

Xarici İşlər Nazirliyindən (XİN) APA-ya verilən məlumata görə, bunu Xarici İşlər naziri Elmar Məmmədyarov bu gün videokonfrans şəklində keçirilmiş MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı deyib.

Nazir bildirib ki, Azərbaycanda bu sahələrə böyük diqqət yetirilir: “Humanitar sahədə və mədəniyyət sahəsində ənənəvi sıx əlaqələr ölkələrimiz arasında əməkdaşlığın möhkəmləndirilməsi üçün münbit zəmin təşkil edir. Bununla əlaqədar, bugünkü iclasda Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin 2021-2030-cu illərdə bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığının inkişafı strategiyası layihəsi haqqında Qərarın imzalanmasının vacibliyini qeyd etmək istərdim. Əminəm ki, bu Strategiya bədən tərbiyəsi və idman sahəsindəki əməkdaşlığımızı əhəmiyyətli dərəcədə gücləndirməyə, vətəndaşların bədən tərbiyəsi və idmana cəlb edilməsində mühüm nəticələr əldə etməyə imkan verəcək”.

Elmar Məmmədyarov qeyd edib ki, çox qısa bir müddətdə Azərbaycan müxtəlif beynəlxalq səviyyəli tədbirlərin keçirildiyi idman yarışlarının mərkəzinə çevrilib: “Dövlətin idmana verdiyi dəstək, dövlət proqramlarının icrası beynəlxalq idman strukturları tərəfindən yüksək qiymətləndirilir.

Son beş ildə respublikamızda bir çox idman növləri üzrə Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, o cümlədən Dünya və Avropa çempionatları, Dünya Kubokları və Qran Pri yarışları kimi beynəlxalq miqyaslı tədbirlər uğurla keçirilib Bu il də ölkəmizdə yenidən mötəbər idman yarışlarının keçirilməsi planlaşdırılırdı. Onların arasında dörddə bir final da daxil olmaqla futbol üzrə Avropa çempionatının dörd oyunu var. Lakin, koronavirus pandemiyası ilə əlaqədar olaraq, Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) Avropa çempionatı üçün tarixləri 2020-ci ildən 2021-ci ilə keçirdi.

Əminəm ki, bu gün qəbul olunan “Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin 2021-2030-cu illər üçün Beynəlxalq Gənclər Əməkdaşlıq Strategiyası haqqında" Qərar, MDB çərçivəsində beynəlxalq gənclər əməkdaşlığını əhəmiyyətli dərəcədə genişləndirməyə, gəncləri dövlətlərimizin sosial-iqtisadi inkişaf problemlərinə daha fəal cəlb etməyə imkan verəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR