İsrailin Azərbaycandakı səfiri Almaniyanın "Hizbullah"la bağlı qərarını yüksək qiymətləndirib

İsrailin Azərbaycandakı səfiri Almaniyanın "Hizbullah"la bağlı qərarını yüksək qiymətləndirib
  • Clock-gray 18:10
  • calendar-gray 30 Aprel 2020

İsrailin Azərbaycandakı səfiri Corc Dik Almaniya hökumətinin "Hizbullah"la bağlı qərarını yüksək qiymətləndirib.

Bu barədə APA-ya İsrailin Azərbaycandakı Səfirliyindən bildirilib.

“Biz Almaniyanın "Hizbullah"ı Argentinadan Bolqarıstana, Kipr, İraq və İsrailə qədər hər yerdə günahsız insanlara hücum edən bir terror təşkilatı olduğunu əks etdirən qərarını yüksək qiymətləndiririk. Terrorizm ortaq bir problemdir, buna görə də bizim ortaq cavaba ehtiyacımız var. Avropa və dünyadakı digər xalqları Almaniya, Britaniya və Hollandiyanın addımlarını izləməyə çağırırıq, çünki beynəlxalq təhdidlər beynəlxalq əməkdaşlıq tələb edir”, - deyə C. Dik vurğulayıb.

İsrailin Xarici İşlər naziri İsrael Katz da Almaniya hökumətinin qərarını alqışlayıb.

“Bu, çox vacib bir qərardır və terrorizmə qarşı qlobal mübarizədə atılan dəyərli bir addımdır. Bu addım üçün Almaniya hökumətinə təşəkkür edirəm. Əminəm ki, Yaxın Şərqdəki bir çox ölkələr və "Hizbullah" terrorunun qurbanları mənim təşəkkürlərimi bölüşürlər. Mən digər Avropa ölkələrini və Avropa İttifaqını bu lazımi siyasəti qəbul etməyə və təşkilatın nələrə səbəb olduğunu tanımağa çağırıram. "Hizbullah" həm hərbi, həm də siyasi qanadları olan terror təşkilatıdır və ona müvafiq şəkildə yanaşılmalıdır”, - deyə İsrail XİN başçısı qeyd edib.

Xatırladaq ki, Almaniya Daxili İşlər Nazirliyi ölkədə "Hizbullah" təşkilatının fəaliyyətini qadağan edən federal qərar qəbul edib. 

Zümrüd Paşkin

Digər xəbərlər