Deputatlar Şuşaya dair qanunla bağlı təkliflər veriblər

Deputatlar Şuşaya dair qanunla bağlı təkliflər veriblər
# 31 may 2021 12:00 (UTC +04:00)

“Millət vəkili həmkarlarımın “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” qanun layihəsi ilə bağlı çıxış və təklifləri olub”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qənirə Paşayeva deyib.

Deputat bildirib ki, bu təklifləri 3 qrupda sistemləşdirmək olar: “Birincisi qanun layihəsində əksini tapan, lakin daha geniş izah tələb edən məsələlərdir. İkincisi birbaşa qanun layihəsi ilə bağlı olmasa da, çox vacib təkliflərdir. Dövlət qurumlarının həmin təklifləri nəzərə almasını ümid edirik. Bu təkliflər istiqamətində addımlar atılacağına inanırıq. Üçüncü isə qanun layihəsində olmayan, amma deputatların qanun layihəsində olmasını istədiyi təkliflər idi. Qanun layihəsini hazırlayanlarla İşçi qrup şəklində bu təkliflərlə bağlı iclasımız oldu və onlar da təkliflərin gələcəkdə nəzərə alınacağını bildirdi”.

Deputat Qüdrət Həsənquliyev bildirib ki, ötən iclasda Şuşada həm icra hakimiyyətlərinin, həm də bələdiyyələrin fəaliyyətini davam etdirəcəyi deyilib: “İkinci məsələ Şuşaya giriş-çıxışla bağlı məsələ idi. Bizdə qoruqlarla bağlı qanun layihəsi yoxdur. Hələ də giriş-çıxışın necə tənzimlənəcəyi bəlli deyil. Bu məsələyə aydınlıq gətirilməsi mənim özümdən çox, ictimaiyyət üçün maraqlıdır”.

Deputat Aydın Mirzəzadə təklif edib ki, Milli Məclisin deputatlarının da işğaldan azad edilmiş yerlərə səfərləri təşkil edilsin.

Milli Məclisin sədri Sahibə Qafarova ona cavabında bildirib ki, Milli Məclisin deputatları qrup şəklində olmasa da, tək-tək bu yerlərə gedib.

Deputat Ziyafət Əsgərov isə Qüdrət Həsənquliyevə cavab verib ki, Şuşaya giriş-çıxışla bağlı məsələlər qanunvericilikdə nəzərdə tutulduğu qaydada tənzimlənəcək: “Bunlar texniki məsələlərdir”.

Komitə sədri Qənirə Paşayeva qeyd edib ki, insanların Şuşaya gedib-gəlməsində heç bir problem olmayacaq: “Giriş-çıxışın necə tənzimlənəcəyi qanun qəbul edildikdən sonra həllini tapacaq. Şuşada konservatoriya, universitetlərin açılması ilə bağlı məsələlərin isə bu qanunda əksini tapmasına ehtiyac yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR