Ziyafət Əsgərov: “Soçi bəyanatı Prezident İlham Əliyevin növbəti böyük uğurudur”

Ziyafət Əsgərov

© APA | Ziyafət Əsgərov

# 27 noyabr 2021 11:10 (UTC +04:00)

“Noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin imzaladığı bəyanat Azərbaycanın qarşısına qoyduğu məqsədlərə nail olduğunu təsdiqləyir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.

Z. Əsgərov deyib ki, bəyanata əsasən, tərəflər Azərbaycan-Ermənistan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üzrə addımlar atacaq və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiya Federasiyasının məsləhəti və yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiya yaradılacaq: “Rusiya məşvərətçi rolda olmaqla sərhədlərin delimitasiya və demarkasiyasına çağırış etmişdi. Rusiya prezidenti Soçidə keçirilən üçtərəfli görüşün yekunları ilə bağlı çıxışında isə bildirdi ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası mexanizmləri bu ilin sonuna kimi yaradılacaq. Bu isə Azərbaycanın maraqlarına cavab verir. Çünki 44 günlük müharibədən və Azərbaycanın Zəfərindən sonra əsas məsələlərdən biri Ermənistan ilə Azərbaycan arasında sərhədin delimitasiyasıdır. Üçtərəfli görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan dəfələrlə açıq bəyan edib ki, delimitasiya prosesinə təxirə salınmadan başlamağa hazırdır. Ermənistan tərəfinə açıq təklif edilib ki, qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanımaq və gələcəkdə yenidən qonşular kimi yaşamağı təşviq etmək üçün sülh müqaviləsi üzərində işə başlayaq. Bu aspektdən Soçi görüşündə Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası mexanizmlərinin bu ilin sonuna qədər yaradılması barədə əldə olunan razılaşma iki dövlət və xalq arasında davamlı sülhün bərqərar olması yönündə atılmış mühüm addım, əldə olunmuş razılaşmalar, imzalanmış bəyanat diplomatik müstəvidə Prezident İlham Əliyevin növbəti böyük uğurudur. Digər tərəfdən, Qarabağ ifadəsinin olmaması, erməni tərəfin həmişə iddia etdiyi əsir və ya girovlar məsələsinə toxunulmaması da Azərbaycanın haqlı və qətiyyətli mövqeyinin bəyanatda əksini tapması deməkdir”.

Parlamentin komitə sədri qeyd edib ki, Soçidə imzalanan bəyanatda Azərbaycan Respublikasının, Ermənistan Respublikasının baş nazirlərinin müavinlərinin və Rusiya Federasiyası hökumətinin sədrinin müavininin birgə sədrliyi ilə regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə təsis edilmiş Üçtərəfli İşçi Qrupun fəaliyyəti yüksək qiymətləndirilir, regionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə konkret layihələrin tezliklə həyata keçirilməsinin zəruriliyini vurğulanır: “10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq indiyə qədər Azərbaycanla Naxçıvan arasında kommunikasiyanın - Zəngəzur dəhlizinin açılmaması icra olunmamış əsas məsələlərdən biridir. Prezident İlham Əliyev Soçidə keçirilən üçtərəfli görüşdə bir daha bu məsələyə diqqət çəkdi. Üçtərəfli görüşdən sonra Rusiya Prezidenti bildirir ki, iqtisadi xarakterli məsələlər, iqtisadi əlaqələrin inkişafı barədə çox ətraflı söhbət ediblər, birinci addım kimi nəqliyyat dəhlizlərinin açılması barədə danışıblar. Bu, həm dəmir yoluna, həm də avtomobil yollarına aiddir. Xeyli müddət ərzində bu məsələ üzərində işləyən Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinə təşəkkür edən Vladimir Putin gələn həftə üç ölkənin baş nazirlərinin müavinlərinin Moskvada toplaşacaqlarını açıqlayıb. Rusiya Prezidenti Vladimir Putinin mətbuata bəyanatında dəfələrlə dəhliz ifadəsini işlətməsi Zəngəzur dəhlizi layihəsinin Rusiya tərəfindən dəstəkləndiyini ortaya qoyur. Bütün bunlar da Zəngəzur dəhlizinin açılmasının qaçılmaz olduğunu, Ermənistanın da artıq bununla razılaşmaqda olduğunu bir daha təsdiqləyir. Bir sözlə, Azərbaycan Soçi görüşündə qarşısına qoyduğu məqsədlərə nail oldu. Hər hansı bir şərt qoyulmadan Azərbaycan Prezidentinin mövqeyi bəyanatda öz əksini tapdı”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR