Rövşən Cavadovun sabiq dəstə üzvünün məhkəməsi davam etdirilib

Rövşən Cavadovun sabiq dəstə üzvünün məhkəməsi davam etdirilib
# 07 fevral 2007 13:38 (UTC +04:00)
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Tofiq Paşayevin sədrliyi ilə daxili işlər nazirinin sabiq müavini Rövşən Cavadovun dəstə üzvü Etibar Allahverdiyevin məhkəməsi davam etdirilib. APA-nın məlumatına görə, prosesdə şahid ifadələri dindirilib. İttiham aktına görə, E.Allahverdiyev DİN-in keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsində xidmət edərkən hakimiyyəti zorla ələ keçirmək planını təşkil edən Mahir və Rövşən Cavadov qardaşları ilə cinayət əlaqəsinə girib. O, R.Cavadovun təşkil etdiyi dəstənin üzvləri Elçin Əmiraslanov, Hamlet Məmmədov, Babək Vəliyev, həmçinin adı istintaqa məlum olmayan şəxslərlə birlikdə silahlanıb Baş Prokurorluğun binasına basqın edərək oranı zəbt ediblər. E.Allahverdiyev dəstənin üzvləri ilə 1994-cü il oktyabrın 5-də Nəsimi Rayon Polis İdarəsinə basqında iştirak edib. Rövşən və Mahir Cavadov qardaşlarının planları uğursuz alındıqdan sonra dövlət başçısının həyatına sui-qəsd hazırlayıblar. Bu məqsədlə Bakı şəhəri Sabunçu rayonu ərazisindəki körpünün altında quraşdırmaqla ölkə prezidentinin xarici ölkədən qayıtdıqda onun maşınının körpüdən keçərkən partlayış yaratmaq məqsədilə 1994-cü ilin dekabrında Elçin Əmiraslanova partlayıcı qurğular verilib. E.Əmiraslanov da dəstə üzvlərinin tapşırığını yerinə yetirib. Lakin iradələrindən asılı olmayan səbəblərə görə cinayəti başa çatdıra bilməyiblər. R.Cavadovun rəhbərlik etdiyi dəstənin 1995-ci ilin martında təkrar hazırladığı planda da E.Allahverdiyev iştirak edib. E.Allahverdiyev dəstəyə mülki şəxsləri də cəlb edərək bir sıra obyektlərə basqınlar etməyə cəhd ediblər. Dəstənin bu planı uğursuz alındıqdan sonra bir çox üzvlər, o cümlədən E.Allahverdiyev istintaqdan gizlənib. 1995-ci ildə onun barəsində həbsli axtarış elan edilib. O, ötən il avqustun 7-də könüllü olaraq hüquq-mühafizə orqanlarına təslim olub. E.Allahverdiyev Cinayət Məcəlləsinin 217.2-ci (sabit silahlı qruplarda (bandalar) və ya onların törətdikləri basqınlarda iştirak etmə), 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə), 232.3.2-ci (həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə tələb etmə), 277-ci (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278-ci ( hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama), 279.3-cü ( qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma) maddələri ilə ittiham edilir. Proses fevralın 14-də davam etdiriləcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR