Sabah Belarusda Azərbaycan Mədəniyyət Günlərinin açılış mərasimi keçiriləcək

Sabah Belarusda Azərbaycan Mədəniyyət Günlərinin açılış mərasimi keçiriləcək
# 21 may 2007 13:06 (UTC +04:00)
Mayın 22-dən 24-nə kimi Belarusda Azərbaycanda Mədəniyyət Günləri keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov APA-ya bildirib ki, mədəniyyət günlərində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi altında 80 nəfərlik nümayəndə heyəti iştirak edəcək. Üç günlük proqramda Ağaverdi Paşayevin rəhbərliyi ilə Dövlət Xalq Çalğı Alətləri Orkestrinin ifasında Vasif Adıgözəlovun “Bayram süita”sı, Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında “Qarabağ”, “Nəlbəki”, “Cəngi”, “Yallı”, “Odlar Yurdu” rəqsləri nümayiş etdiriləcək. Mədəniyyət günlərində sənətçilər Teyyub Aslanov, Aygün Bayramova, Gülnaz İsmayılova, Azər Zeynalov, estrada müğənniləri Aygün Kazımova və Faiq Ağayev çıxış edəcəklər. Mərasimin sonunda nümayəndə heyətinin ifasında Rauf Hacıyevin “Azərbaycan” konserti ifa olunacaq. İ.Hümbətov bildirib ki, Mədəniyyət Günləri çərçivəsində Azərbaycanın müasir, klassik və gənc rəssamlarının əsərlərindən ibarət sərgi də təşkil olunacaq. Belarusdan sonra Moldovada 26-28-i may aralığında Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. Moldovada təmsil olunacaq nümayəndə heyətinə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev rəhbərlik edəcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR