“Zəfər yolu”nun bu ilin sentyabrınadək istifadəyə verilməsi planlaşdırılır - VİDEO

“Zəfər yolu”nun bu ilin sentyabrınadək istifadəyə verilməsi planlaşdırılır - <span class="red_color">VİDEO</span>

© APA | AAYDA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli

# 06 may 2021 12:44 (UTC +04:00)

Şuşanın düşməndən azad edilməsinin mənəvi rəmzi olan “Zəfər yolu”nun dövlət başçısının tapşırıq və sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən genişləndirilərək inşası davam etdirilir.

APA-nın əməkdaşı xəbər verir ki, bunu AAYDA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli deyib.

A. Nəcəfli bildirib ki, ötən il noyabrın 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı təməli qoyulmuş “Zəfər yolu” 2 ay ərzində genişləndirilib. Qısa müddət ərzində görülmüş işlər nəticəsində yol boyunca gediş-gəliş təmin olunub.

“Zəfər yolu”nun başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürdüyünü qeyd edən A. Nəcəfli bildirib ki, Şuşa şəhərinə qədər yolun uzunluğu 101 kilometrdir: “Dövlət başçısının tapşırığına əsasən, “Zəfər yolu” Qarabağın inkişaf planı nəzərə alınmaqla 2 hərəkət zolaqlı olmaqla ikinci texniki dərəcəyə uyğun inşa edilir.

Artıq yolboyu genişmiqyaslı tikinti işləri həyata keçirilir. İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “16 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı” MMC və “7 nömrəli Magistral Yolların İstismarı” MMC ilə subpodratçı olaraq yol tikintisi sahəsində ixtisaslaşmış və ölkədə indiyədək bir neçə layihəni uğurla tamamlamış Türkiyənin “KOLİN” İnşaat Turizm San. və Tic. Anonim Şirkəti və “Azvirt” MMC birgə icra edir”.

 A. Nəcəflinin sözlərinə görə, hazırda sözügedən avtomobil yolu boyunca torpaq işləri icra olunur: “Xüsusi texnikalardan istifadə olunmaqla yolun profilə salınması və ikinci texniki dərəcəyə uyğun yeni torpaq yatağının inşası işləri həyata keçirilir. Bunun üçün tikinti ərazisinə lazımi sayda qüvvə cəlb edilib.

Yeni inşa edilən yol boyunca layihəyə uyğun olaraq suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü 136 dairəvi boru və 14 düzbucaqlı su keçidləri, bundan başqa müxtəlif ölçülü 10 yeraltı keçid, həmçinin zəruri olan yerlərdə 4 avtomobil körpüsünün inşası da aparılır. Körpülərin uzunluqları 111.4, 45, 90 və 93.4 metr olmaqla yolun 26.9, 37.2, 37.6 və 57.3-cü kilometrlik hissələrində layihələndirilib. Bununla da bu avtomobil yolu ilə rahat gediş-gəliş təmin olunacaq.

“Zəfər yolu” inşası aparılan Əhmədbəyli-Füzuli-Şuşa yolu ilə 8 yerdə kəsişir və kəsişmələrdə yol ötürücülərinin tikintisi nəzərdə tutulub”.

A. nəcəfli bildirib ki, tikintiyə cəlb olunmuş xüsusi texnikaların çevik hərəkətinin təmin olunması məqsədilə yol çiyinlərinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsinin sürütləndirilməsi ilə yolun asfalt-beton örtüyünün döşənməsi üçün hazır vəziyyətə gətirilməsi nəzərdə tutulur. Sözügedən prosesin həyata keçirilməsi ilə cari ilin sentyabr ayınadək yolun tam olaraq 2 hərəkət zolağı enində asfaltlanaraq istifadəyə verilməsi planlaşdırılır: “Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilir. “Zəfər yolu” işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilir. Avtomobil yolu Füzuli və Şuşa şəhərləri də daxil olmaqla sözügedən rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR