Maliyyə Nazirliyi: Su təhlükəsizliyinə dair dövlət proqramları təxirəsalınmaz xərc istiqamətlərindən biri olacaq

Maliyyə Nazirliyi: Su təhlükəsizliyinə dair dövlət proqramları təxirəsalınmaz xərc istiqamətlərindən biri olacaq
# 08 sentyabr 2021 21:47 (UTC +04:00)

İqlim dəyişiklikləri ilə bağlı son iki ildə ölkəmizdə quraqlıq müşahidə edilməkdədir və bu, dayanıqlı su ehtiyatlarının formalaşdırılması ilə bağlı zəruri addımların atılmasını tələb edir.

APA-nın məlumatına görə, bu, Maliyyə Nazirliyinin 2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında qeyd olunub.

Qeyd edilib ki, bu baxımdan içməli su ehtiyatlarının, eləcə də kənd təsərrüfatının inkişafı üçün dayanıqlı su təchizatının formalaşdırılması, habelə suyun paylanması və qənaətli sərfiyyatını təmin edən məqsədli layihələrin maliyyələşdirilməsi ortamüddətli dövrdə prioritet istiqamətlərdən olacaq. Transsərhəd sulardan asılılığın azaldılması, o cümlədən daxili çaylar üzərində su anbarlarının tikintisi, alternativ sulardan istifadənin genişləndirilməsi, suya qənaətedici suvarma texnikası və texnologiyalarının tətbiqi, suvarma suyundan səmərəli istifadə mexanizmlərinin tətbiqinə hədəflənmiş su təhlükəsizliyinə dair dövlət proqramlarının maliyyələşdirilməsi zəruri və təxirəsalınmaz xərc istiqamətlərindən birini təşkil edəcək. Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi nəticəsində vaxtilə itirilmiş su ehtiyatlarımıza yenidən sahib çıxmağımız su təminatı, kənd təsərrüfatı və alternativ enerji sahəsində imkanlarımızı artırır. Bu ehtiyatlardan səmərəli istifadə və idarəolunması məqsədilə müasir texnologiyaya əsaslanan su anbarlarının və daha qənaətli paylayıcı şəbəkənin qurulması, eləcə də alternativ energi mənbələrindən daha geniş istifadə edilməsi nəzərdə tutulur. Bununla ölkənin növbəti illərdə suya olan tələbatı əsasən təmin olunacaq, eyni zamanda yaşıl enerji sahəsinin inkişafına əhəmiyyətli təsir göstərəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR