Gürcüstan parlamenti ölkədə fövqəladə vəziyyətin elan edilməsini təsdiqləyib

Gürcüstan parlamenti ölkədə fövqəladə vəziyyətin elan edilməsini təsdiqləyib
# 21 mart 2020 21:33 (UTC +04:00)

Gürcüstan parlamenti Baş Nazir Giorgi Qaxariyanın müraciəti əsasında Prezident Salome Zurabişvilinin imzaladığı ölkədə fövqəladə vəziyyətin elan edilməsi barədə fərmanı təsdiqləyib.

APA-nın yerli bürosu xəbər verir ki, parlamentin növbədənkənar iclasında iştirak edən 120 millət vəkilindən 115-i sənədi dəstəkləyib.

Beləliklə, ölkə ərazisində bir sıra konstitusion haqların (sərbəst hərəkət, mülkiyyət hüququ, ictimai nəqliyyatdan istifadə, sərbəst toplaşmaq və.s) məhdudlaşdırılmasını nəzərdə tutan 12 maddəlik sənəd hüquqi qüvvəyə minib. Sənəddə, həmçinin hökumətə büdcə xərcləmələrini dayandırmaq, zəruri olduğu təqdirdə parlamentə fövqəladə vəziyyət büdcəsi təqdim etmək hüququ verilib.

Fövqəladə vəziyyətin aprelin 21-dək bir ay müddətində davam edəcəyi bildirilib.

Qeyd edək ki, Gürcüstanda təsdiqlənmiş koronavirusa yoluxma hallarının sayı 49 nəfərə çatıb. Ölkədə virusa ilk yoluxma halı fevralın 26-da qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR