Ukraynada Azərbaycan diaspor nümayəndələri ilə görüş keçirilib

Azərbaycan diaspor nümayəndələri ilə görüş

© APA | Azərbaycan diaspor nümayəndələri ilə görüş

# 17 sentyabr 2021 13:57 (UTC +04:00)

Ukraynada səfərdə olan mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev Azərbaycan diaspor nümayəndələri ilə görüş keçirib.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, görüşdə Xarkov Şəhər Şurasının katibi, merin səlahiyyətlərini icra edən İqor Terexov, Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova, Azərbaycan-Ukrayna Parlamentlərarası Dostluq Qrupunun həmsədri Rüfət Quliyev, Azərbaycanın Xarkovdakı Fəxri konsulu Əfqan Salmanov, diplomatik korpusun və Xarkovdakı Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Qonaqları salamlayan İqor Terexov bildirib ki, mədəniyyət, sosial layihələrin birgə həyata keçirilməsi beynəlxalq əlaqələrin əhəmiyyətli bir hissəsidir. Ukraynada ən güclü diasporlardan birinin Azərbaycan diasporu olduğunu deyən İqor Terexov vurğulayıb ki, Xarkov istisnasız olaraq bütün sahələrdə əməkdaşlığa hazırdır.

Görüş zamanı Elnur Əliyev Xarkovun Azərbaycan üçün tarixən əhəmiyyətli bir şəhər olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan kinosunun inkişafında xidməti olan Aleksandr Mişon Xarkovda anadan olub, Bakıda doğulan Nobel mükafatı laureatı, alim Lev Landau Xarkov Universitetində çalışıb: “Bu gün Ukraynada Azərbaycan poeziyasının klassikası Nizami Gəncəviyə abidə qoyulur. Bütün bunlar Azərbaycan ilə Ukrayna arasında tarixən dostluq münasibətlərinin olduğunun bariz nümunəsidir. Bu münasibətlərin inkişafında Ukraynada yaşayan soydaşlarımızın da böyük xidmətləri olub və bu iş uğurla davam etdirilir.”

Daha sonra çıxış edən səfir Elmira Axundova 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsinə dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamından irəli gələrək, Ukraynanın Xarkov şəhərində mütəfəkkirin heykəlinin ucaldılmasını tarixi hadisə adlandırıb. Səfir göstərdikləri dəstəyə görə, Xarkov meriyasına, memar və layihə müəlliflərinə, Azərbaycanın Xarkovdakı Fəxri konsulluğuna, diaspor fəallarına təşəkkürünü bildirib. Səfir, sonda Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) Dnepropetrovsk vilayəti təşkilatının sədri Nəcəf Əhmədova “Diaspor fəaliyyətində xidmətə görə” medalı, həmçinin Azərbaycanın Xarkovdakı Fəxri konsulu Əfqan Salmanova “Pandemiya və Vətən müharibəsi dövründə göstərdiyi fəaliyyətə görə” təşəkkürnaməni təqdim edib.

Tədbirdə çıxış edən Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri Rövşən Tağıyev, Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivin diasporun gördüyü işlərdən danışıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR