Azərbaycan Prezidenti Qoşulmama Hərəkatı üzvlərinin təsisatlanma ideyası üzərində düşünməsi təklifi ilə çıxış edib

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 11 oktyabr 2021 13:46 (UTC +04:00)

“Bu il Hərəkata üzv olan dövlətlər yekdilliklə Azərbaycanın sədrlik müddətinin daha bir il - 2023-cü ilin sonuna qədər uzadılması barədə qərar vermişlər. Biz bunu Azərbaycanın Hərəkata uğurlu və səmərəli sədrliyinə verilən qiymətin əlaməti kimi yüksək dəyərləndiririk”.

APA-nın məlumatına görə, bunu oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantının rəsmi açılış hissəsinə sədrlik edən Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə videoformatda çıxışında deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində həmrəyliyin bundan sonra da möhkəmləndirilməsi və Hərəkatın siyasi çəkisinin və qlobal nüfuzunun artırılması istiqamətində fəaliyyətinə davam edəcək: “Biz COVID-19-dan sonrakı dövr üçün fikir mübadiləsinin aparılması və Hərəkatın mövqeyinin formalaşdırılması məqsədilə Qoşulmama Hərəkatına üzv dövlətlərin yüksək səviyyəli iclasının keçirilməsini təklif etmişik.

BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılması təklifinin Qoşulmama Hərəkatı tərəfindən təşviq edilməsi məqsədəuyğun olardı.

Azərbaycan Qoşulmama Hərəkatına üzv dövlətlərin parlamentariləri arasında əməkdaşlığın inkişafı ilə bağlı addımlar atır. Bir həftə bundan əvvəl Azərbaycan sədr kimi Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin təsis iclasını keçirdi. Mən təklif edirəm ki, Qoşulmama Hərəkatına üzv dövlətlər artıq təsisatlanma ideyası üzərində düşünsünlər. Azərbaycan sədr qismində məsləhətləşmələr apararaq, Hərəkata üzv dövlətlərin bununla bağlı mövqeyini öyrənəcəkdir.

Sonda sizi əmin etmək istəyirəm ki, Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan beynəlxalq münasibətlərdəki qlobal çağırışların həlli istiqamətində Hərəkatın rolunun daha da gücləndirilməsi, habelə ədalətin, beynəlxalq hüququn və Qoşulmama Hərəkatına üzv dövlətlərin legitim maraqlarının müdafiəsi istiqamətində səylərini əsirgəməyəcəkdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR