Bakıda Azərbaycan-Almaniya iqtisadi forumu keçirilir

Bakıda Azərbaycan-Almaniya iqtisadi forumu keçirilir
# 23 sentyabr 2008 09:55 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu məqsədlə Bakıya Almaniyanın Baden Vürtemberq Torpağının iqtisadiyyat nazirinin müavini Hans Freudenberqin başçılıq etdiyi nümayəndə heyəti gəlib. Tədbirdə çıxış edən Almaniyanın Azərbaycandakı səfiri Per Stankina qeyd edib ki, biznes-forumun keçirilməsində iki əsas məqsəd var. Bunlardan biri Azərbaycan haqqında ətraflı məlumatlar toplamaq, digəri isə Azərbaycanla Baden Vürtemberq Torpağı arasında işgüzar əlaqələr yaratmaqdır. Səfirin sözlərinə görə, Azərbaycan son iki ildə iqtisadi inkişaf tempinə görə dünya lideridir. Bu il isə həmin göstəricinin 22% təşkil edəcəyi gözlənilir.
«Azərbaycan iri sənaye ölkəsidir və Almaniya bundan maksimum istifadə etməlidir. Almaniya isə öz növbəsində Azərbaycana yüksək texnologiyalar təklif edə bilər ki, bu da ölkənin ətraf mühitini qorumağa imkan yaradacaq. Belə ki, Azərbaycan Almaniya avadanlığını alarsa, həmin avadanlıqları 30 ildən çox istifadə edə biləcək», - deyə P.Stankina vurğulayıb.
Səfir həmçinin bildirib ki, Baden Vürtemberq Torpağının nümayəndə heyətinə iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən iş adamları da daxildir və məhz bu sahələr üzrə Almaniya tərəfi Azərbaycanda iş qurmağı nəzərdə tutub: «Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsi 2006-cı ildə 1 mlrd. avro, 2007-ci ildə 1,5 mlrd. avro təşkil edib. Cari ilin sonunda isə bu rəqəmin daha da yüksələcəyi gözlənilir».
Tədbirdə çıxış edən Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarov bildirib ki, forum Azərbaycanla Almaniya arasında iqtisadi əlaqələri daha da genişləndirəcək və dərinləşdirəcək. Azərbaycanın iqtisadi inkişafından danışan M.Cabbarov qeyd edib ki, 2007-ci ildə ölkə iqtisadiyyatının 80%-dən çoxu özəl sektorun payına düşüb: «Ötən üç il ərzində Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) istehsalı 2 dəfə artıb və qeyri-neft sektorunun ÜDM-dəki payı 11% təşkil edib. Ümumiyyətlə, bizim əsas məqsədimiz ölkə bazarını rəqabətə davamlı etməkdir».
M.Cabbarov həmçinin qeyd edib ki, son 2 il ərzində Azərbaycanda bir sıra islahatlar həyata keçirilib və məhz bunun nəticəsi olaraq ölkə Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının birgə hazırladığı «Doing Business-2009» hesabatında islahatçı dövlətlər sırasında birinci yeri tutub. Nazir müavini onu da qeyd edib ki, ölkə iqtisadiyyatının inkişafında xarici birbaşa investisiyaların da, o cümlədən Almaniya sərmayəsinin böyük rolu var.
Tədbirdə çıxış edən H.Freudenberq bildirib ki, Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir və son illər ərzində inkişaf tempi 20-35% arasında dəyişib: «Bu il isə Azərbaycanda iqtisadi inkişafın 18% səviyyəsində olacağı gözlənilir».
H.Freudenberq həmçinin qeyd edib ki, Azərbaycan xarici investisiyaların cəlb edilməsinə görə dünyada ön sıralardadır. Belə ki, son 5 il ərzində Azərbaycana 25 mlrd. ABŞ dolları həcmində xarici investisiya yatırılıb.
Tədbirdə çıxış edən DAWF-ın İdarə Heyətinin üzvü Mixael Nuzadek isə bildirib ki, son 10 il ərzində Azərbaycanla Almaniya arasında yaranan əlaqələrdə DAWF-ın böyük rolu olub: «İnanıram ki, keçirilən forum hər iki tərəf üçün uğurlu olacaq».
Qeyd edək ki, Almaniya nümayəndə heyətinə tikinti, kənd təsərrüfatı, infrastruktur, tibb, nəqliyyat, yüngül sənaye və digər sahələri təmsil edən şirkətlərin nümayəndələri daxildir. Forumun sonunda təşkil olunmuş əməkdaşlıq birjası çərçivəsində Almaniya və Azərbaycan şirkətləri arasında ikitərəfli görüşlər keçirilir. Almaniyanın nümayəndə heyətinin başçısı səfər çərçivəsində həmçinin Azərbaycan hökumətinin rəsmiləri ilə görüşlər keçirəcək.
Xatırladaq ki, Azərbaycan-Almaniya biznes-forumu Almaniyanın Azərbaycandakı səfirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) dəstəyi ilə keçirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR