Azərbaycanda ötən il ticarət şəbəkəsindən hər bir ölkə sakini orta hesabla ayda 107 manatlıq mal alıb

Azərbaycanda ötən il ticarət şəbəkəsindən hər bir ölkə sakini orta hesabla ayda 107 manatlıq mal alıb
# 23 yanvar 2009 09:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın pərakəndə ticarət və iaşə şəbəkələrində 2008-ci il ərzində əhaliyə 10,876 mlrd. manatlıq və ya 2007-ci ildəkindən 16,1% çox istehlak malları satılıb və iaşə xidmətləri göstərilib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hüquqi şəxs statuslu və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fərdi sahibkarların ticarət müəssisələrində pərakəndə əmtəə dövriyyəsinin real həcmi 2007-ci ilə nisbətən 24% artdığı halda, bazar və yarmarkalar üzrə bu artım 7,2% təşkil edib.
Pərakəndə əmtəə dövriyyəsinin ümumi artımının 78,9%-i ticarət müəssisələrinin, 21,1%-i isə yarmarka və bazarların ticarət fəaliyyəti sayəsində yaranıb.
Hesabat dövründə ticarət şəbəkəsindən hər bir ölkə sakini orta hesabla ayda 107,1 manatlıq və ya 2007-ci il ilə müqayisədə 31,5 manat çox müxtəlif istehlak malları alıb. Bu artım ticarət müəssisələrində 20,5 manat, bazar və yarmarkalarda 11 manat təşkil edib.
Son dövrlərdə alıcılıq qabiliyyətinin yüksəlməsi nəticəsində qeyri-ərzaq mallarının payının artmasının müşahidə olunmasına baxmayaraq, 2008-ci ildə pərakəndə əmtəə dövriyyəsinin ümumi həcmində ərzaq mallarının xüsusi çəkisi üstünlük təşkil etməkdə davam edərək 64,4% olub. Hesabat ilində əhaliyə 7,85 mlrd. manatlıq ərzaq, 3 867,5 mln. manatlıq qeyri-ərzaq malları satılıb, onların real həcmi uyğun olaraq 10,7% və 30% artıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR