2010-cu ildən Naxçıvanda elektrik enerjisinə olan tələbat SES-lər hesabına ödəniləcək

2010-cu ildən Naxçıvanda elektrik enerjisinə olan tələbat SES-lər hesabına ödəniləcək
# 13 sentyabr 2008 07:37 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu – APA. 2010-cu ildən Naxçıvan Muxtar Respublikasının elektrik enerjisinə olan tələbatı tamamilə su elektrik stansiyalarının hesabına ödəniləcək. Naxçıvan MR Dövlət Energetika Agentliyindən APA-nın yerli bürosuna bildiriblər ki, 2010-cu ilə qədər Biləv SES və Ordubad SES istifadəyə veriləcək. Hazırda Ordubad rayonu ərazisindəki Gilançay üzərində ümumi gücü 20 meqavat olacaq Biləv SES-in tikintisi gedir. Növbəti mərhələdə Tivi və Gilançayın birləşəcəyi yerdə suqəbuledici qurğu quraşdırılaraq 11 min 835 metr uzunluğunda kanal çəkiləcək, 35 000 kubmetrlik hovuz inşa olunacaq. Tikinti işləri çərçivəsində qurulacaq 2 turbinin hər birinin gücü 10 meqavatdır. Stansiyada il ərzində 80 milyon kilovat-saat elektrik enerjisi istehsal olunması nəzərdə tutulur. Yekun mərhələdə SES-də elektrik enerjisinin şəbəkəyə paylanması üçün ərazidə 110, 35, 10 kilovatlıq transformator yarımstansiyaları quraşdırılacaq.

Ümumi gücü 36 meqavat olacaq Ordubad SES-in tikintisinə isə 2009-cu ildə başlanacaq. Hər iki layihənin 2010-cu ilə qədər başa çatdırılması nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR