Baş Prokurorluqda tələbələrə “Şahid Dindirmə Müsabiqəsi” təlimi keçirilib

“Şahid Dindirmə Müsabiqəsinin” hazırlıq mərhələsi

© APA | “Şahid Dindirmə Müsabiqəsinin” hazırlıq mərhələsi

# 25 oktyabr 2021 11:33 (UTC +04:00)

Gənc hüquqşünasların hüquq-mühafizə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə olan marağını nəzərə alaraq onlarda cinayət, cinayət-prosessual hüquq sahəsində hüquqi biliklərin artmasına, praktiki bacarıqlarının formalaşmasına töhfə verilməsi, eləcə də prokurorluq orqanları ilə hüquq ictimaiyyəti, ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə Baş Prokurorluq tərəfindən ardıcıl tədbirlər davam edir.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu tədbirlərin davamı olaraq, 23 oktyabr 2021-ci il tarixdə Baş Prokurorluğun Elm-Tədris Mərkəzində Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Bakı İctimai Birliyi tərəfindən təşkil olunan, dindirmə prosesinin simulyasiyasını nəzərdə tutan “Şahid Dindirmə Müsabiqəsinin” hazırlıq (təlim) mərhələsi keçirilib.
“Şahidi dindirmə prosesi” mövzusunda təşkil edilən təlimdə dinləyici qismində Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və “ADA” Universitetinin hüquq fakültələrində təhsil alan tələbələr iştirak ediblər.
Təlim zamanı müvafiq sahələr üzrə ixtisaslaşmış və təcrübəsi olan Baş Prokurorluğun əməkdaşları tərəfindən dinləyicilərə təlimlər keçirilib və onları maraqlandıran suallar cavablandırılıb.
Təlimin sonunda iştirakçılara müvafiq sertifikatlar verilmiş, təlimçilərə isə təşəkkürnamə təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR