Səhiyyə Nazirliyi 11 sanator tipli müəssisədə monitorinq keçirib

Səhiyyə Nazirliyi 11 sanator tipli müəssisədə monitorinq keçirib

© APA | Səhiyyə Nazirliyi

# 29 iyun 2021 12:17 (UTC +04:00)

Səhiyyə Nazirliyi nazirliyin tabeliyindəki 11 sanator tipli müəssisədə monitorinq keçirib.

APA-nın xəbərinə görə, Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova bildirib ki, monitorinqlər zamanı bir sıra müəssisələrdə ümumi sanitar-gigiyenik qaydalarına tam riayət olunmadığı aşkarlanıb. Həmçinin tibbi sənədləşmənin aparılmasında bəzi nöqsanlar qeydə alınıb. Bununla bağlı müəssisə rəhbərlərinə tövsiyələr verilib.

A. Zeynalova deyib ki, ümumilikdə Səhiyyə Nazirliyinin tabeliyində 11 sanator tipli müəssisə var, bunlardan 3 vərəm, digərləri somatik tipli sanatoriyalardır: “Əksər sanatoriyalarda ümumi vəziyyət qənaətbəxş olub. Somatik sanatoriyalar uşaqları yaş qrupları üzrə qəbul edir, məsələn Respublika Uşaq Sanatoriyası 0-17 yaş, 3 nömrəli Uşaq Somatik Sanatoriyası 6-14 yaş, 4 nömrəli Uşaq Somatik Sanatoriyası 6-16 yaş üzrə uşaqları qəbul edir. Uşaqlar sanatoriyaya ərazi üzrə uşaq poliklinikalarından (076 forma) göndəriş alaraq müraciət edə bilərlər. Yalnız 0-6 yaşadək və sağlamlıq imkanları məhdud olan 2-17 yaş uşaqlar sanatoriyada anaları ilə birgə qala bilər. Sanatoriyalar əsasən xroniki xəstəlikləri olan (yuxarı tənəffüs yollarının, dayaq-hərəkət sisteminin, mədə-bağırsaq sisteminin, anamnezdə tez-tez xəstələnən uşaq, uşaq serebral iflici, dəmirdefisitli anamiya yüngül formaları və s.) uşaqlar qəbul olunur. Uşaqlar burda fizioterapevtik, müalicəvi bədən tərbiyəsi, vitaminoterapiya, su prosedurları, massaj, iqlimterapiyası kimi müalicəvi prosedurlar alırlar. Valideynlərin nəzərinə çatdırmaq istərdim ki, xroniki xəstəlikləri olan uşaqlar ildə iki dəfə aşağıdakı sanatoriyalarda müalicə ala bilərlər:

1. 7 nömrəli Uşaq Nevroloji Sanatoriyası

2. 3 saylı Uşaq Vərəm Sanatoriyası

3. 5 saylı Uşaq Vərəm Sanatoriyası

4. 4 nömrəli Uşaq Somatik Sanatoriyası

5. 1 nömrəli Uşaq Somatik Sanatoriyası

6. 6 nömrəli Uşaq Somatik Sanatoriyası

7. 5 nömrəli Uşaq Somatik Sanatoriyası

8. 3 nömrəli Uşaq Somatik Sanatoriyası

9. Respublika Uşaq Sanatoriyası

10. Sanator-Kurort Reabilitasiya Mərkəzi

11. Prof.Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm Sanatoriyası”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR