Kənan Quluzadə: “Sərt karantin rejimi yumşaldılandan sonra daxili turizmdə müəyyən canlanma var”

Kənan Quluzadə: “Sərt karantin rejimi yumşaldılandan sonra daxili turizmdə müəyyən canlanma var”
# 03 fevral 2021 18:07 (UTC +04:00)

“Sərt karantin rejimi yumşaldılandan sonra, yəni SMS icazə ləğv olunduqdan, şəhərlərarası və rayonlarası gediş-gəliş bərpa edildikdən sonra daxili turizmdə müəyyən canlanma var”. 

Bunu APA TV-yə açıqlamasında Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə bildirib. Onun sözlərinə görə, bu, ilk növbədə Bakıdan regionlara səyahət edən insanlarla bağlıdır:

“Son günlərdə səyahətlər daha çox dağ regionlarına olub. Bu, qış turizmi ilə bağlı olan səyahətlərdir. Hotellərdən, turizm şirkətlərindən aldığımız məlumata görə, hotellərdə rezervasiya yüksək səviyyədədir. Bu günlərdə demək olar ki, bəzi istiqamətlərdə şənbə və bazar günləri bir çox hotellərdə qalmaq üçün nömrə sifariş etmək qəliz məsələdir, ilkin rezervasiyalar, sifarişlər verilir”.

Mətbuat katibi deyib ki, bu il bütün dünyada ilk növbədə daxili turizmin bərpası gözlənilir: “Çünki xarici turizmin bərpası daha qəliz prosesdir. Bunun üçün tək bir ölkədən addımlar atılmalı deyil. Bunlar qlobal səviyyədə atılan addımlardır, sərhədkeçmə məsələləri, sərnişindaşıma yenidən bərpa edilməlidir. Yəni bu, bir az uzun çəkən mərhələdir. Bundan başqa, insanların post-pandemiya dövründə də psixoloji durumu fərqli olacaq, çünki onlar gözləntilərə görə öz evlərindən, ölkələrindən uzaq səfər etmək istəməyəcəklər. Səhhətlərini qorumağı daha çox təmin etmək istəyəcəklər ki, bunun üçün də insan evinə yaxın olanda özünü daha müdafiə olunmuş, qorunmuş hiss edir. Digər tərəfdən, bizdə hazırda daxili turizm bərpa edilir, hotellər yenidən qonaqları qəbul etməyə hazırlaşırlar. Amma təbii ki, sərt karantin rejimi qaydaları qaydaları hələ ki, qalır. Biz, pandemiya dövründə yaşayırıq. 

İndi əsas məsələ ondan ibarətdir ki, hotellərdə qalan insanlar, eyni zamanda personalı mütləq qoruyucu addımları atmalıdılar. Minimal olaraq, sosial məsafə, dezinfeksiya vasitələrindən, ən əsası maskalardan istifadə məsələsidir. Həm açıq, həm də qapalı məkanlarda qonaqlar və personal bu şərtlərə əməl etməlidir. Hotellərdə Dövlət Turizm Agentliyi və digər dövlət strukturları tərəfindən monitorinqlər aparılır. Bu qaydaları pozan insanlar təbii ki, cəzalandırılacaq, cərimə ediləcək. İndi əsas məsələdir ki, qaydalarda yumşalma davam etsin, yenidən qapanmalara gedilməsin. Əsas məqsəd budur”. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR